Mercedes-AMG G63 ofrouderi hər bir azəırbaycanlının arzuladığı avtomobildir. Bu «bərkgedən» ofrouderi alan hər bir şəxs ilk növbədə küçəyə çıxaraq, aşağı sürətlə hərəkət etməyi sevir. Birdən elə bilərsiniz ki, G63 alanların 99,9 faizi qayda-qanun sevənlərdir? Əsla! Onların «bərkgedən» avtomobildə «yavaş» getmələrinin yeganə səbəbi var - arada-bir qaz verərək, ətrafdakılara ofrouderin buraxılış sisteminin möhtəşəm səsini nümayiş etdirmək.
Məlum məsələdir ki, bu ofrouderlərin sahibləri asfaltdan çıxaraq «palçıq qarışdırmaq» fikrindən çooox uzaqdırlar. Güman edirəm ki, «Gelik» sahibinin getdiyi ən mürəkkəb yol şəraiti qumlu dəniz sahili ola bilər. Bax, Carlex Design atelyesi məhz belə «dəniz aşiqləri» üçün Mercedes-AMG G63 modelinin G-Yachting Limited Edition adlı versiyasını hazırlayıb. Tünerin sözlərinə görə, G-Yachting «dəbdəbə və dəniz üslubunun aşıqlərinə» ünvanlanıb.
Tüner ilk növbədə avtomobilin eksteryerinə əl gəzdirib - ofrouder gümüşü və tutqun qara rəngli kuzova, həmçinin 22-düymlük təkər disklərinə sahib olub. Lakin, G-Yachting dəstinin əsas «fişkası» onun eksteryeri deyil, interyeridir. Carlex Design mütəxəssisləri ofrouderin interyerinin tərtibatı üçün iki rəng sxemini təklif edirlər. Birinci variant salonun açıq rəngli ağac, həmçinin ağ və açıq boz rəngli materiallarla tərtibatını nəzərdə tutur: oturacaqlar, tavan və mərkəzi konsol ağ rəngli dəri və alkantara ilə, ön panel isə gümüşü-boz dəri ilə örtülüb. Sükan, qapı panelləri və ön paneldə açıq qəhvəyi rəngli ağacdan hazırlanmış dekor elementləri vardır.
İkinci variantda isə, üstünlük daha tünd materiallara verilib - oturacaqların, tavanın və ön panelin üzlənməsində zəngin qəhvəyi rəngdə materiallardan istifadə olunur. Mərkəzi konsolda, qapılarda və ön panelin alt hissəsində istifadə edilən ağ dəri isə, tünd materiallar ilə kəskin ziddiyyət təşkil edir.
İnteryerlər fərqli olsa da, hər iki variantın baqaj bölümü yaxtalarda olduğu kimi ağac ilə örtülmüşdür. Üstəlik, ikinci cərgənin oturacaqlarının arxa hissəsi də eyni materialdan örtüyə malikdirlər. Hər iki variantın tavanında G-Yachting basmanaxışını görmək olar.
Texniki cəhətdən Carlex Design atelyesinin təklif etdiyi Mercedes-AMG G63 modeli dəyişilməz qalıb. Avtomobili 585 at qüvvəsi və 850 Nm fırlanma anı hasil edən 4,0-litrlik V8 biturbomühərriki ilə təchiz edilir. Tüner təkmilləşdirmələrin qiymətini də açıqlamayıb. Güman edirəm ki, «dəniz aşiqlərinə» yaxşıca «tərləmək» gərək olacaqdır.