28-30 iyul 2023-ci il tarixində növbəti «Caspian Motor-Show» avtomobil sərgisi baş tutacaq. Xatırladaq ki, ölkədə yeganə avtomobil sərgisini AADA həyata keçirir.
Ümumiyyətlə, «Caspian Motor Show» unikal sərgidir. Adətən bu tədbir açıq havada: dəniz kənarında və ya dağlıq regionlarda, bir sözlə kütləvi istirahət məkanlarında keçirilir. 2003-cü ildən başlayaraq Nabran istirahət zonasında, Qəbələ və Şəki şəhərlərində və əlbəttə, Abşeron çimərliklərində dəfələrlə ən yeni modellərdən ibarət ekspozisiyalar qurulub. Cari ildən başlayaraq, avtoşounun Sea Breeze Resort kompleksində təşkil olunması barədə razılıq əldə olunub.
AADA İdarə Heyətinin sədri Natiq Zərbəliyev tədbirlə əlaqədar bunları deyib:
«Caspian Motor-Show 2023» çərçivəsində «TEZ: Təhlükəsizlik, Ekologiya, Zövq» mövzusunda konfransın baş tutacağı da planlaşdırılıb. Konfransda avtomobil, bank, sığorta sektorlarının nümayəndələri ölkə avtomobil parkının yenilənməsi, yollarda hərəkətin təhlükəsizliyi, ekologiya mövzusunda müzakirələr aparacaq. Bu foruma Nazirlər Kabinetindən, müxtəlif dövlət qurumlarından, Milli Məclisdən, qeyri-hökümət təşkilatlarından, kütləvi informasiya vasitələrindən nümayəndələr dəvət olunacaq.
Adətən AADA-nın təşkil etdiyi avto-şoularda yalnız rəsmi avtomobil idxalçıları, distribyutor və dilerlər iştirak edir. Sərgi günlərində bir çox yeni modellərin rəsmi premyerası baş tutacaq. Sərgidə eləcə də avtomobil ehtiyat hissələri, aksessuarlar, avtokosmetika, moto-velo texnika, avtomobil klubları, tüninq studiyaları və s. nümayiş etdirilə bilər. Bu ilki avto-şou bir neçə özəlliyi ilə də seçiləcək. Əvvəla, elektrik avtomobillər üçün xüsusi eko-zona ayrılacaq. Bundan əlavə avtomobil aşiqləri üçün yeni modelləri test-drayv etmək imkanı yaradılacaq.
«Caspian Motor-Show 2023» çərçivəsində tamaşaçıları maraqlı əyləncə proqramı, müxtəlif uduşlu yarışmalar, müsabiqələr də gözləyir. Populyar pop-rok ulduzlarının iştirakı ilə konsert proqramları və diskotekalar, “Miss Avto” gözəllik müsabiqəsi və daha bir sıra sürprizlər də gözlənilir. Bu avtomobil bayramında iştirak etmək üçün partnyorlar dəvət edirik.
AADA-nın mətbuat xidməti