Bu yayın ən parlaq avtomobil hadisəsi - «Kaspian Motor Şou 2023» işini uğurla başa vurdu. Xatırladaq ki, ölkədə rəsmi idxalçıların iştirakı ilə yeganə avtomobil sərgisini ənənəvi olaraq Azərbaycan Avtomobil Dilelrəri Assosiasiyası (AADA) təşkil edir. Bu il avtomobillərdən ibarət ekspozisiya populyar isitrahət məkanı Sea Breeze Resortda qurulmuşdu.
Ümumiyyətlə «Kaspian Motor Şou» unikal sərgidir. Adətən bu tədbir açıq havada: dəniz kənarında və ya qağlıq regionlarda, bir sözlə kütləvi istirahət məkanlarında keçirilir. Dəfələrlə Nabran istirahət zonasında, Qəbələ, Şəki şəhərlərində və əlbəttə Abşeron çimərliklərində bu avto-şou təşkil olunub.
AADA İdarə Heyətinin sədri Natiq Zərbəliyev tədbirlə əlaqədar bunları dedi:
Bizim assosiasiya ilk avtomobil sərgisini hələ 2003-cü ildə keçirmişdi. Belə çıxır ki, pandemiya ucbatından iki illik fasilə olmasaydı, bu il 20-ci yubiley avtoşousunu keçirəcəkdik, lakin faktiki olaraq bu 18-ci dəfədir. Buna baxmayaraq, biz tam rebrendinq etdik, sərginin konsepsiyasını dəyişdik. İdarə Heyətinin gənc üzvlərinin təkidi ilə daha dinamik və daha innovasion forum keçirdik. Nəticədə minlərlə ziyarətçinin pavilyonlara axınının şahidi olduq. Yəni bu auditoriya dənizə istirahətə gəlmiş və vaxtının bir hissəini sərgiyə ayırmış insanlardan ibarət deyildi, çünki hava küləkli idi, dəniz havası deyildi. Məhz avtomobil aşiqləri üç gün ərzində dünya şöhrətli istehsalçıların ən müasir inciləri ilə tanış oldular. Qeyd etməliyəm ki, ölkə avtomobil parkının yenilənməsi, yollarda təhlükəsizlik səviyyəsinin yüksəlməsi, ekoloji avtomobillərin təşviqi - bütün bunlar AADA fəaliyyətinin prioritet istiqamətlərindəndir. Təsadüfi deyil ki, bu il biz elektromobilləri ayrıca bir meydançada sərgiləyirdik və bu stendlərdə tamaşaçıların daimi sıxlığı elektrik nəqliyyat vasitələrinə durmadan artan marağın bariz göstəricisidir. Bizim araşdırmalara görə hazırda ölkımizdə satılan hər yüz avtomobildən beşi məhz elektromobildir.
Beləliklə, hər zaman olduğu kimi, rəsmi dilerlər yeni modellərinin təqdimatını məhz Kaspian Motor Şou çərçivəsində həyata keçirdilər. Üç gün ərzində əlliyə yaxın yeni model nümayiş olundu. Maraqlı prezentasiyalar tamaşaçılar arasında uduşlu müsabiqələrlə əvəzlənirdi. Avtomobillər aləmində biliyinə güvənən qonaqlar mükafatsız qalmadılar. Bu ilki avto-şounun əyləncə proqramı da fərqli təşkil olunmuşdu. Bütün pavilyonlarda populyar DJ-lərin ifasında elektron musiqi səsləniridi. Sərginin ilk günündə əsas səhnədə Ceyhun Zeynalov (Cin) tamaşaçıları sevindirdi. Avtoşounun son akkordları isə heç kimi biganə qoymadı: «Dərviş Band» qrupu və xalq artisti Nuyammədin Musayevin emosional çıxışı heç şübhəsiz uzun müddət yaddaşlarda qalacaq.
Son olaraq bu avtomobil bayramının təşkilində bizə dəstək olmuş Azərbaycan Avtomobil Federasiyasına, Sea Breeze Resorta, Mashin.AL elektron satış mərkəzinə, MLK Groupa, Artmood agentliyinə, Amsoil yağlarına və «Bizon» içkilərinə təşəkkür edirəm.
AADA-nın dime informasiya partnyorları: Autograph.az, Oxu.az, Report.az, Marja.az, İqtisadiyyat.az, Operativmedia.az, Yeniçağ.az, Bizimyol.info, Doğru.az, Avtomedia.az, Fed.az xəbər agentliklərinə dərin minnətdarlığınmı bildirirəm.