Castagna Milano atelyesi tüninq aləmində o qədər də məşhur adlardan biri deyildir. Bununla belə, Milanda yerləşən tüninq atelyesi maraqlı layihələri ilə seçilir. Bunlara misal olaraq, bir neçə il bundan öncə təqdim edilmiş və Fiat 500 hetçbekini kabriolet və limuzinə, həmçinin Rolls-Royce Phantom modelini kupeyə çevirmək layihələrini göstərmək olar.
Bu dəfə italyan tüner daha cəsur bir ideyanı irəli sürüb –W12 mühərriki və Quattro tam çəkiş sistemi ilə təchiz edilmiş Audi A8 modelini Allroad’a çevirmək. Bunun üçün Castagna Milano bayraqdar sedanın əvvəlki nəslindən istifadə etməyi təklif edir. Şəkillərdəki avtomobilin işıq texnikasına nəzər salsaq, layihə üçün modelin 2014-cü ildə restayling keçmiş variantının olduğunu söləmək olar.
Beləliklə, italyan tüner layihəsinə nəzər yetirsək, sedanın Audi markasından olan universallara xas olan dam xəttinə və arxa dayaqlara malik olduğunu görmək olar. Bundan başqa, bayraqdar sedan Allroad modellərinə xas olan qara plastikdən müdafiə qurşağı ilə təchiz edilib.Dərc edilmiş şəkildə avtomobilin Allroad fəlsəfəsinə tam cavab verən elementlərə sahib olduğunun şahidi olursan: bunlar təkər tağlarının qara plastikdən olan müdafiə örtüyü, ön və arxa bamperlərdə, həmçinin yan ətəklərdə quraşdırılmış alüminiumdan dekor elementləridir.
Əlbəttə ki, layihə hələlik başlanğıc mərhələsindədir və tüner layihə haqqında ətraflı məlumat verməyib. Hələlik məlum olan, universalın kuzovunun alüminiumdan hazırlandığıdır. Yeni dama gəldikdə isə, çox güman ki bu elementin hazırlanmasında karbondan istifadə olunacaqdır. Böyük ehtimalla, 493 at qüvvəsi və 625 Nm fırlanm anı hasil edən 6,3-litrlik W12 mühərriki təkmilləşdirmələrə məruz qalmayacaqdır.
Hər halda, yaxın zamanlarda layihə barədə daha geniş məlumat veriləcəkdir.