Fransanın "Auto Moto" nəşri Alfa Romeo markasının bayraqdar yeddi yerli krossoveri haqqında məlumatları əldə etdiyini iddia edir. Fransızlar yeni krossoverin adının Castello olacağını söyləyirlər. Bununla belə, başqa bir mənbə avtomobilin Brennero adlandırılacağından əmindir. Xatırladaq ki, belə bir model italyan markasının strateji inkişaf planında E UV kod adı ilə qeyd olunubdur.
Fransızlar isə əlqə etdikləri məlumatlarla dərhal bölüşməyə qərar veriblər və yeni krossoverin renderini hazırlayıblar. Onların məlumatlarına əsasən, Alfa Romeo Castello modelinın əsasını Giulia sedanının və Stelvio krossoverinin inşa edildiyi Giorgio modul platforması təşkil edəcəkdir. Yeri gəlmişkən, qənaət etmək məqsədi ilə Stelvio interyer arxitekturası ilə böyük “qardaşı” ilə bölüşəcəkdir. Castello modelinin qabarit uzunluğu beş metrə yaxınlaşmalıdır. Təxmini olaraq, bayraqdar krossoveri Stelvio modelindən 200 millimetr uzun olacaqdır.
Mühərrik çeşidinə gəldikdə isə, Alfa Romeo Castello 280 at qüvvəli 2,0-litrlik “turbodördlük” və 210 at qüvvəli 2,2-litrlik dizel aqreqatı ilə təklif ediləcəkdir. Əlbəttə ki, Castello Quadrifoglio Verde modifikasiyası da olacaqdır. “Bərkgedən” Castello tərkibinə 510 at qüvvəli 2,9-litrlik V6 mühərriki və elektromotor daxil olan hybrid güc qurğusu ilə hərəkətə gələcəkdir. Hibrid qurğunun ümumi hasilatı 600 at qüvvəsinin üzərində olmalıdır. Məlum məsələdir ki, italyan krossoverinin hədəfində BMW X5, Mercedes-Benz GLE, Audi Q7 və Porsche Cayenne modelləri vardır.
Fransızlar yeni modelin gələn ilin payızında debüt edəcəyini bildiriblər. Çox güman ki, crossover ya Frankfurtda, və yaxud Los-Anjelesdə nümayiş etdirilə bilər. Avtomobilin şimali amerikan bazarına ünvanlandığını nəzərə alsaq, sonuncu daha məntiqlidir. Avropada krossoverin 50 min avrodan başlayan qiymətlərlə təklif ediləcəyi də ehtimal olunur.