Caterham dedikdə, lisenziya ilə buraxılan Lotus Seven modeli göz önünə gəlir. Artıq əlli ildir ki, Caterham əfsanəvi Seven modelinin müxtəlif növlərini istehsal edir və vaxtaşırı olaraq onların yenilənməsini (bəzən olduqca ciddi) həyata keçirir. Görünən odur ki, şirkət bu biznes istiqamətindən imtina etmək niyyətində deyil! Ancaq bir model ilə kifayət qədər gəlir əldə etmək olmaz, buna görə də, başqa bir sportkar - Caterham Project V modeli hazırlanıb və o, tamamilə fərqli bir aləmdəndir!
Caterham əvvəllər də "gündəlik idman avtomobili" yaratmağa cəhd göstərib. Hələ 1994-cü ildə Caterham 21 rodsteri buraxılıb: bu, Seven şassinə əsaslanan, qapıları, tam ölçülü interyeri və müasir kuzovu olan bir avtomobil idi. Ancaq beş il ərzində rodster cəmi 48 nüsxəlik tirajla buraxılıb.
İkinci cəhd 2012-ci ildə edilib – o zaman Caterham və Renault şirkətləri güclərini birləşdirmək qərarına gəliblər. Fransada, Alpine və Caterham brendləri altında eyni platformada inşa edilmiş idman avtomobillərini buraxacaq Société des Automobiles Alpine Caterham adlı birgə müəssisə yaradılıb. Ancaq bu əməkdaşlıq uzun çəkməyib - iki il keçməmiş tərəfdaşlar ayrılıblar və fransızlar birgə müəssisəni satın alaraq Alpine brendini canlandırıblar.
Üçüncü cəhd 2016-cı ilə təsadüf edir, lakin o zaman da şirkətin gücü yeni idman avtomobilini buraxmağa kifayət etməyib. İki il əvvəl isə, Caterham sahibini dəyişib: yapon VT-Holding şirkəti yeni onun yeni sahibi olub. Şirkətin rəhbəri olan keçmiş avtoyarışçı və həvəskar Kazuho Takahaşi klassik Caterham Seven modelinə hörmətlə yanaşsa da, onun sonrakı inkişafa ehtiyacı olduğunu hesab edir. Odur ki, Kazuho san ikinci modelə yaşıl işıq yandırıb - artıq Italdesign studiyasının köməyi ilə yaradılmış ilk nüsxə hazırdır.
Caterham Project V kupesi Lotus Seven modelinə bənzəməsə də, keçən əsrin ortalarında populyar olan ortamühərrikli idman avtomobilləri üslubunda hazırlanıb. Dizaynın müəllifi fransalı Entoni Cannarellidir. O, W Motors firmasının keçmiş dizayneri və yeganə modeli Jannarelly Design-1 sportkarı olan şəxsi Jannarelly Automotive şirkətinin təsisçisidir.
Kupe yığcam alınıb: onun uzunluğu 4255 millimetr, eni - 1893 millimetr, hündürlüyü isə 1226 millimetrdir. Təkər bazasının ölçüsü 2581 millimetrdir. Avtomobilin əsasını alüminium alt çərçivələri bərkidilmiş karbon monokok təşkil edir. Bütün xarici kuzov panelləri kompozitdəndir. Salonda minimalizm hökm sürür, bununla belə, kupe bu günə qədər Caterham avtomobillərində görünməmiş avadanlığa malikdir: media sistemi, kondisioner və elektrik şüşəqaldıranları standart təchizata daxildir. Cihazlar paneli – rəqəmsaldır.
Şassi - iki qollu ön və arxa asqıya, sükan mexanizmi isə, elektrik gücləndiricisinə malikdir. Ön təkər disklərinin diametri 19 düym, arxadakıların isə 20 düymdür. Litium-ion dartma batareyası döşəmənin altında yerləşən və ümumi gücü 55 kilovat/saat olan iki moduldan ibarətdir. Yalnız arxa oxda yerləşən 272 at qüvvəli bir elektrik mühərriki var. Bütün elektrik sistemi 400 volt gərginliklə işləyir və 150 kilovatlıq daimi cərəyanlı şarj cihazı var.
Qalan xüsusiyyətlər təxminidir. Üç nəfərlik salonu olan kupe 2 + 1 oturacaq formuluna malikdir, lakin 2 + 2 variantı da təmin edilir. Boş çəkisi 1190 kiloqram olan kupe 100 km/saata təqribən 4,5 saniyəyə sürətlənir, onun maksimal sürəti isə, 230 km/saat olmalıdır. Elektrokarın yürüş məsafəsi WLTP dövrünə əsasən təxminən 400 kilometr olacaqdır. Hərəkət elektronikası Normal, Sport və Sprint (trek üçün) rejimlərinə malikdir.
Qarşıda sınaq və təkmilləşdirmələrin uzun bir mərhələsi var. Caterham şirkəti Project V elektromobilinin kütləvi istehsalına 2025-ci ilin sonuna qədər başlamağı planlaşdırır. Belə bir kupenin qiyməti 80.000 funt sterlinqdən aşağı olmalıdır. Paralel olaraq, daha ucuz başa gələcək Caterham EV Seven elektrokarı da hazırlanır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.