Dünyanın ən böyük dartma batareyaları istehsalçısı olan CATL şirkəti özü üçün yeni seqmentə - avtomobil platformaları bazarına çıxmaq niyyətindədir. Elektromobillər üçün universal şassinin hazırlanacağı barədə məlumat hələ bu ilin yanvarında elan edilmişdi, indi isə, onun zavod sınaqları haqqında ilk nəticələr açıqlanıb.
Platforma CIIC (CATL Integrated Intelligent Chassis) adlanır və o, dartma batareyasını, reduktorları olan elektrik mühərriklərini, güc və idarəetmə elektronikasını, asqı və sükan mexanizmini özündə birləşdirir. Yəni, bu tamamilə istifadəyə hazır bir həlldir və onu əldə edən avtomobil istehsalçısına yalnız tələb olunan kuzovu və interyeri CIIC platformasına quraşdırmaq qalır.
CIIC platformasının yol sınaqlarında mühüm göstəricilər nümayiş etdirdiyi deyilir. CATL elmi şöbəsinin rəhbəri Vu Kay yayda Turfanda, qışda isə, Amur çayının sahilində yerləşən Heyhe şəhərində keçirilmiş yol sınaqlarının tam dövründən danışıb. Yayda yürüş məsafəsi simvolik 1000 kilometr həddini keçib, CIIC platformasındakı prototip isə aşağı enerji sərfiyyatını nümayiş etdirib: 100 kilometrə 10,5 kilovat/saat.
Mənfi 7°C ortalama qış temperaturunda yürüş məsafəsi 30% azalıb, lakin yenə də təsiredici 700 kilometrə çatıb. Güclü firma şarj terminalı cəmi beş dəqiqə ərzində yürüş ehtiyatını 300 kilometr artırmağa imkan verib. Təəssüf ki, istifadə olunan dartma batareyalarının tutumu və növü barədə məlumat verilmir.
Nəzəri olaraq, CIIC tipli vahid elektrik avtomobil şassilərinin böyük gələcəyi var. İlk növbədə, onlar maliyyə xərclərini və elektromobillərin hazırlanmasına sərf olunan vaxtı azaltmağa imkan verir. CATL şirkətinin CIIC platformasında öz avtomobillərini istehsal etmək planları yoxdur, lakin onun artıq Çinin Hozon Auto şirkəti ilə yeni vahid şassinin istifadəsi ilə bağlı müqaviləsi var. CIIC platformasına əsaslanan ilk seriya elektromobilləri 2024-cü ildə Neta törəmə brendi altında peyda olacaq.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.