Deyəsən, İlon Mask istəmədən sənaye dizaynında yeni dünya trendini yaradıb. Mobil qadjetlərin çox bahalı kastom versiyalarının buraxılması ilə məşhurlaşan Caviar firması Cyberphone adlı yeni məhsulunu nümayiş etdirib.Smartfonun gövdəsinin dizaynı səs-küyə səbəb olan Tesla Cybertrack pikapının üslubunda yaradılıb.
Smartfonun korpusu tamamilə titandan hazırlanıb və ağlagəlməz bucaqda kəsişən səthlərə malikdir. Hələlik bu dizaynın smartfonun erqonomikasına necə təsir etdiyini söyləmək çətindir. Caviar firması Tesla şirkətinə sataşmağı da yaddan çıxarmayıb - firma smartfonun zədələrdən qorxmayan şüşə ilə təchiz edildiyini bildirib. Bu pikapın təqdimatı zamanı baş vermiş hadisəyə işarədir. Xatırladaq ki, təqdimat zamanı Cybertrack modelinin şüşələri metal şarların zərbəsinə davam gətirə bilməmişdi.
Cyberphone’nun şüşəsinin davamlılığı qatlanan metal qapaq sayəsində təmin edilir. Bu qapaq smartfonun ekranını tam şəkildə örtür və yaxud onu qatlayaraq dayaq kimi istifadə etmək olar.
Caviar Cyberphone smartfonu iPhone 11 Pro modelinin bazasında inşa edilib və 64, 256 və 512 Gb-lıq versiyalarda təklif olunur. Modeli iPhone 11 Pro Max tərtibatında da sifariş etmək olar. Hələlik qadjetin qiyməti açıqlanmayıb, lakin firmanın əvvəlki məhsullarının qiymətinin 100 min dollara çatdığını nəzərə alsaq, 99 nüsxəlik tirajla buraxılacaq Caviar Cyberphone’nun ucuz olmayacağını söyləmək gərəkdir.