Azərbaycanda yeganə və peşəkar Formula 1 haqqında F-1.az saytının yaydığı məlumatda, gələn cümə günü Formula1 üzrə növbəti – 67-ci dünya çempionatına start veriləcəyi bildirilir. Autograph.az onlayn dərgisi xatırladır ki, 21 yarışın yer aldığı təqvimdə Bakıda baş tutacaq Avropa Qran Prisi də var. Milli yarışımız iyunun 17-dən 19-dək doğma Bakımızın küçələrində keçiriləcək.
Ona görə də bu ilki çempionat ölkəmizdə daha səbirsizliklə gözlənilir. Azarkeşləri maraqlandıran mühüm məsələlərdən biri isə, çempionatın ölkəmizdə hansı kanalda yayımlanması məsələsi idi. Bildiyimiz kimi, keçən il çempionatın yarışları «İdman Azərbaycan» kanalında yayımlanırdı.
SportNEWS.az-ın bildirdiyinə görə, bir qədər əvvəl bu mühüm məsələyə də aydınlıq gəlib. Belə ki, artıq yarışların yayım hüququ telekanal tərəfindən alınıb və azarkeşlər bu yarışları yenə də «İdman Azərbaycan» kanalında, ənənəvi və tanıdıqları şərhçilər Siyavuş Əliyevlə Rəhim Əliyevin təqdimatında izləyə biləcəklər.
Autograph.az onlayn dərgisi Formula1 azarkeşlərini milli kanalımızda milli dilimizdə izləməyə dəvət edir.












