Bu il yaranmasının 120 illik yubileyini qeyd edən məşhur ABT Sportsline atelyesi mart ayının ilk günlərində işinə başlayacaq Cenevrə avtomobil sərgisinə bir neçə maraqlı eksponatla qatılmaq fikrindədir. Bunların sırasında sizə maraqlı olacaq üç avtomobili xüsusi olaraq qeyd etmək istəyərdik. Bunlardan birinicsi Audi A4 Avant modelinin yeni nəslinin bazasında hazırlanmış ABT AS4 Avant modelidir.
Kemptendən olan mütəxəssislərin bu avtomobil üçün hazırladıqları kuzovun aerodinamik parçalar dəstinə yeni radiator barmaqlığı, hava girişlərinin xüsusi forması və yeni spoyler ilə təchiz edilmiş ön bamper, ön qanadlardakı havalandırma barmaqlığı, alman atelyesinin tanınan «imzasına» çevrilmiş arxa bamperə quraşdırılmış diffuzor daxildir.
Avtomobil üçün hazərlanmış bu tüninq dəstini əlbəttə ki, Continental şinləri ilə təchiz edilmiş 19 və ya 20-düymlük DR, ER-C və FR adlı təkər diskləri olmadan təsəvvür etmək mümkün deyil. Bundan əlavə, alman mütəxəssislər avtomobilin hərəkət hissəsinə də müdaxilə etmişlər. Avtomobil, hündürlüyü müştərinin arzusundan aslı olaraq dəyişən yeni yaylarla və dirəklər dəsti ilə təchiz edilir.
ABT AS4'ün aqressiv görkəminə uyğun güclü mühərrikə də ehtiyacı vardır. Kempentdən olan mühəndislər yeni nəsil ABT Power proqram təminatı sayəsində 272 at qüvvəsi və 600 Nm fırlanma anı olan 3,0-litrlik dizel mühərrikinin gücünü 325 at qüvvəsinə, fırlanma anını isə 680 Nm qədər artırmışlar.
ABT Sportsline firmasının təqdim etdiyi ikinci maraqlı avtomobil Audi RS6 Avant modelinin bazasında hazırlanmışdır. Kemptenlilər karbondan hazırlanmış aerodinamik parçalar dəsti, 22-düymlük təkər diskləri və təkmilləşdirilmiş asqı sistemi ilə yanaşı «bərkgedən» universalın 4,0-litrlik turbomühərrikinin gücünü 175 at qüvvəsi və fırlanma anını isə 220 Nm artırmağa müvəffəq olmuşlar.
Nəticədə, səkkiz silindirli 4,0 TFSI mühərrikinin gücü 730 at qüvvəsi, fırlanma anı isə 920 Nm təşkil edir. Xatıqladaq ki, RS6 modelinin standart mühərrikinin gücü 560 at qüvvəsi və 700 Nm fırlanma anıdır. ABT mütəxəssislərinin müdaxiləsindən sonra avtomobilin maksimal sürətinin həddi 320 km/saat səviyəsinə qədər artmişdir.
Avtomobilin iç məkanı da xüsusi olaraq hazırlanmışdır. ABT Sportsline mütəxəssisləri interyerin tərtibatında yüksək kefiyyətli qara dəridən, boz rəngli alkantaradan istifadə etmişdirlər.
Atelyenin 120 illiyinə həsr edilmiş bu avtomobil məhdud sayda - 12 ədəd tirajla hazırlanacaqdır.
Sonda isə, Avropada çox populyar olan Volkswagen T6 miniveni üçün təklif edilən tünunq dəstini nəzərdə keçirək. Atelye mütəxəssisləri ilk növbətə minivenin 2,0-litrlik dizel mühərrikinin gücünü 31 at qüvvəsi və fırlanma anını 40 Nm artırmışlar.
Mühərrikin idarəetmə elektronikasının proqram təminatının yenilənməsi sayəsində dizel güc aqreqatı 235 at qüvvəsinə və 490 Nm fırlanma anına sahib olmuşdur. Bu mühərrikin 150 at quvvəsi və 340 Nm fırlanma anı olan variantı üçün isə, əlavə 30 at qüvvəsi və 60 Nm fırlanma anı təklif edilir.
Minivenin daha aqressiv görkəmə malik olmasını təmin etmək üçün tüner onu yeni hündürlüyü azaldılmış asqı, 19 və 20 düymlük təkər diskləri, yeni ön və arxa bamperlər, yan kandarlar, arxa diffuzor və damda quraşdırılmış spoyler də daxil olan aerodinamik parçalar dəsti ilə təchiz etmişdir.