Uzun müddətdir ki, Alfa Romeo şirkəti keçən il təqdim etdiyi Giulia sedanı haqqında geniş məlumat verməkdən çəkinmişdir. Keçən ilin yayında italyan istehsalçısı avtomobilin «bərkgedən» variant olan Alfa Romeo Giulia Quadrifoglio Verde modelini nümayiş etdirmişdi. «Qaynar» Giulia Maserati və Ferrari firmaları tərəfindən hazırlanmış iki turboüfürməli 3,0-litrlik mühərrik ilə təchiz edilir. Onun mühərrikinin gücü 510 at qüvvəsidir.
Bundan başqa, keçən ilin payızında italyan şirkəti Alfa Romeo Giulia modelinin 276 at qüvvəli 2,0-litrlik turbomühhəriklə təchiz edilmiş variantını da təqdim etmişdi. Artıq Alfa Romeo şirkəti Giulia modelinin 150 və ya 180 at qüvvəsi olan 2.2-litrlik dizel mühərriki və 200 at qüvvəsi gücü olan 2,0-litrlik benzin güc aqreqatı ilə təchiz edəcəyini bildirmişdir.
Bu mühərriklər altı pilləli mexaniki və ya səkkiz diapazonlu avtomatik sürətlər qutusu ilə komplektləşdiriləcəklər.
Standart olaraq Giulia modelləri klassik çəkiş sistemi ilə, yəni arxadan çəkişlə təchiz ediləcəkdirlər. Opsional olaraq, tamötürməli çəkiş sistemini də sifariş etmək mümkün olacaqdır.
Avtomobil Giulia, Super və Quadrifoglio Verde adlanan üç təchizat variantına malik olacaqdır. Baza variantının təchizatına sürət məhdudiyyətı funksiyası olan kruiz-kontrol, 16-düymlük təkər diskləri, ikizonalı klimat-kontrol və 6,5-düymlük ekranı olan multimedia sistemi daxil olacaqdır.
Əlavə olaraq, sürücüyə yardım sistemləri dəstini, 8,8-düymlük ekranı olan multimedia sistemini, Harman Kardon səs sistemini, aktiv qabaq splitteri və dartma qüvvəsinə nəzarət funksiyasını sifariş etmək mümkündür. Sonuncü iki avadanlıq yalnız «qaynar» Quadrifoglio Verde modifikasiyası üçün nəzərdə tutulmuşdur.
İtalyan şirkəti həmçinin yeni avtomobilin satışlarının 15 aprel tarixindən başlanacağını da bildirmişdir.