Nəhayət Audi şirkəti model cərgəsində ən kiçik krossover olan Q2 modelinin rəsmi olaraq təqdim etmişdir. Avtomobilin rəsmi təqdimat mərasimi bu gün qapılarını mətbuat nümayəndələrinin üzünə açmış 86-cı beynəlxalq Cenevrə avtosalonunda baş tutmuşdur. Audi Q2 Volkswagen konserninin MQB modul platformasında yığılmışdır. Krossoverin qabarit uzunluğu 4190 millimetr təşkil edir ki, bu da Audi Q3 krossoverində olduğundan 195 millimetr qısadır. Krossoverin çəkisi 1205 kiloqramdır. Audi Q2 modelinin klirensi 200 millimetr təşkil edir.
Avtomobilin baqaj bölümünün həcmi 405 litrdir ki, arxa oturacaqların qatlanması halında bu göstərici 1050 litrə qədər artır. Avtomobilin baza variantı 116 at qüvvəli üç silindirli bir litrlik mühərriklə təchiz ediləcəkdir.
Bundan başqa, krossover 1,4-litrlik dörd silindirli turbomühərriklə təklif ediləcəkdir ki, bu aqreqatın da ən güclü variantı 190 at qüvvəsinə malik olacaqdır.
Audi Q2 modli üçün təklif olunan dizel mühərriklərinin siyahısını 116 at qüvvəli 1,6-litrlik dizel aqreqatı açır. Bundan əlavə, krossover 150 və 190 at qüvvəsi olan 2,0-litrlik dizel mühərrikləri ilə də təklif ediləcəkdir. Bütün mühərriklər altı pilləli mexaniki və ya iki muftalı S-tronic «robotu» ilə birlikdə çalışacaqdırlar.
Avtomobil standart olaraq öndən çəkiş sistemi ilə təchiz ediləcəkdir. 2,0-litrlik mühərrikin ən güclü variantları ilə komplektləşdirilmiş avtomobillər Haldex muftasının beşinci nəslinin əsasında olan tam ötürməli çəkiş sistemi ilə də təklif ediləcəkdirlər. Audi Q2 modelinin təchizatına adaptiv kruiz-kontrol, «ölü» zonalara və zolaqlara nəzarət sistemi, həmçinin, yol nişanlarının tanınması sistemi daxildir. Avtomobil avtomatik olaraq paralel və perpendikulyar parketməni yerinə yetirmək və dayanacaqdan sərbəst çıxmaq funksiyaları ilə də təchiz edilmişdir.
Bundan başqa, Audi Q2 modelinin idman xarakterli və hündürlüyü 10 millimetr azaldılmış asqı sistemi ilə də sifariş etmək mümkündür.
Əlavə avadanlıq olaraq virtual cihazlar panelini, proyeksiya displeyini, Apple CarPlay və Android Auto interfeslərini dəstəkləyən və peyk naviqasiyası olan MMİ multimedia sistemini də sifariş etmək olar. Bu siyahıya 705 vatt gücü olan 14 dinamikli Bang&Olufsen səs sistemini də daxil etmək olar. Audi Q2 krossoverinin istehsalı şirkətin İnqolştatda olan zavodunda təşkil ediləcəkdir.
Avtomobilin rəsmi satışlarına isə, bu ilin avqustunda başlanacaqdır.