Bugatti şirkəti rəsmi olaraq Veyron modelinin xələfi olan Chiron hiperkarını təqdim etmişdir. Yeni model 1500 at qüvvəsi və 1600 Nm fırlanma anı olan 8,0-litrlik W16 mühərriki ilə təchiz edilir. Avtomobilin maksimal sürəti 420 km/saat həddində məhdudlaşdırılmışdır. Bugatti şirkəti 500 ədəd Chiron hiperkarını istehsal edəcəyini bəyan etmişdir. Avtomobilin minimal qiyməti 2,4 milyon avro təyin edilmişdir. Hiperkarın ilk nüsxələrinin istehsalına bu ilin sentyabr ayında başlanacaqdır. Yeni hiperkarın rəsmi təqdimat mərasimi bu gün işinə başlayan 86-cı beynəlxalq Cenevrə avtosalonunda keçiriləcəkdir.
Bugatti şirkətindən bildirildiyi kimi, yeni avtomobilin mühərrikinin gücünün 300 at qüvvəsi artırılması üçün şirkət mühəndisləri güc aqreqatinin bir sıra komponentlərini yenidən işləmək və yaxud tam dəyişmək məcburiyyətində qalmışdırlar. Misal üçün, mühərrik ardıcıl ufürmə sistemi ilə təchiz edilmişdir. İki turbin mühərrikin aşağı dövrlərində işə başlayır, kompressorların ikinci cütlüyü isə dirsəkli valın 3800 dövriyyəsindən sonra fəaliyyətə başlayırlar. Bu sxem iki min dövriyyədən başlayaraq güc artımını xəttiliyini təmin etməyə imkan yaradır.
Bundan başqa, Chiron modelinin mühərriki 32 forsunkadan ibarət yeni çiləmə sistemini, təkmilləşdirilmiş soyutma sistemini, karbondan hazılanmış yeni giriş kollektorunu, dörd ilkin və iki əsas katalizatoru olan titandan hazırlanmış buraxılış sistemini əldə etmişdir. Bugatti Chiron modelinin güc aqreqatı, yol avtomobillərində quraşdırılan ən böyük və dözümlü mufta cütlüyü ilə təchiz edilmiş 7 diapazonlu robotlaşdırılmış sürətlər qutusu ilə birgə çalışır. Superkar həmçinin ön və arxa differensialı qapana bilən tam ötürməli çəkiş sistemi ilə təchiz edilmişdir.
Bugatti Chiron yerindən 100 km/saat həddinə kimi 2,5 saniyəyə sürətlənir.Avtomobil 200 km/saat həddinə çatmaq üçün 6,5 saniyə, 300 km/saat həddi üçün isə 13,9 saniyə sərf edir. Standart rejimdə Chiron modelinin maksimal sürəti 380 km/saat təşkil edir. Avtomobili 420 km/saat həddinə kimi sürətləndirmək üçün xüsusi açardan istifadə etmək gərəkdir.
Veyron modelində olduğu kimi, Chiron modeli də Bugatti mühəndislərinin yeni hazırladıqları karbon monokokun asasında yığılmışdır. Avtomobilin şassisinin arxa hissəsi də karbondan hazırlanmışdır ki, bu da Veyron modelinə nisbətən səkkiz kiloqram çəkiyə qənaət etməyə imkan vermişdir.
İstehsalçının bildirdiyinə görə, avtomobilin kuzovunun əyilmə və bükülmə sərtliyinin səviyyəsi, WEC çempionatının LMP1 kateqoriyasında çıxış edən yüksək sinif yarış avtomobilləri ilə müqayisə ediləndir.
Chiron modelinin kuzov panelləri də karbondan hazırlanmışdır. Avtomobil ilk dəfə olaraq, detal və aqreqatların soyudulmasını təmin edən həm passiv, həm də aktiv aerodinamika elementləri ilə təchiz edilmişdir.
Misal üçün, avtomobilin böyüründəki xüsusi girişlər havanı disklərdən keçirərək əyləc mexanizmlərini soyutmaq üçün tərtib edilmişdir. Bundan əlavə, avtomobil dörd rejimi olan aktiv arxa antiqanadla təchiz edilmişdir ki, o ya tam qapana və yaxud azca (maksimal sürət rejimində) və ya tam qaldırıla, həmçinin, aerodinamik əyləc rolunu oynaya bilər.
Bugatti Chiron modelinin adaptiv şassisinin əvvəlcədən quraşdırılmış beş rejimi mövcuddur.
Bu rejimlər kuzovun yoldan hündürlüyünü, amortizatorların sərtliyini, sükan gücünü, tam çəkiş sisteminin və aktiv arxa differensialın, həmçinin, əyləc və sabitlilik sisteminin işləmə alqoritmini dəyişirlər. Lift rejimi «yatan polisləri» keçmək və yaxud avtomobili treylerə yükləmək üçün istifadə oluna bilər. Bu rejim 50 km/saat sürətinə kimi işləyir, sonradan isə EB Auto rejimi dövrəyə girərək tənzimləmələri elektronikaya həvalə edir.
Autobahn rejimi avtomatik olaraq 180 km/saat sürətindən sonra qoşularaq, adından da göründüyü kimi, avtomobili avtomagistrallarda hərəkət etmək üçün hazırlayır.
Handling rejimi isə, hiperkarı treklərdə isifadə etmək üçün onun komponentlərini lazımi səviyyəyə gətirir. Top Speed rejimi xüsusi açarla aktivləşir və avtomobili 420 km/saat həddinə sürətləndirməyə imkan verir.
Superkarı Veyron modelinin diskləri ilə müqayisədə diametri 20 millimetr daha böyük və 2 millimetr nazik olan karbon-saxsı əyləc disklər ilə təchiz etmişdirlər. Chiron həmçinin, öndə səkkiz, arxada altı ədəd titanda hazırlanmış silindirləri olan alüminiumdan düzəldilmış əyləc supportları ilə komplektləşdirilir.
Chiron modelinin şinləri Bugatti və Michelin şirkətləri tərəfindən birlikdə hazırlanmışdır. Əsas tələb, hər bir təkərin yol səthinə 5000 Nm fırlanma anını ötürmək bacarığının mövcudluğu olmuşdur. Avtomobilin ön diskləri 285/30 R20, arxa diskləri isə 355/25 R21 ölçülü şinlərlə təchiz edilmişdir.
Bu təkərlərin toxunma səthi Veyron modelinin şinlərinə nisbətən 14 və 12 faiz çoxdur.