Citroen şirkətinə məxsus olan DS Automobiles markası mart ayının ilk günlərində işinə başlayacaq beynəlxalq Cenevrə avtomobil sərgisində E-Tence adlı konseptual kupeni nümayiş etdirəcəyini bildirmişdir. Bir az əvvəl fransız istehsalçı konseptin tizerini buraxsa da, sonradan avtomobilin təsviri olan fotoşəklləri və konsept haqqında məlumatı dərc etmışdır. Konseptin qabarit uzunluğu 4,72 metr, eni - 2,08 metr, hündürlüyü isə 1,29 metr təşkil edir. Karbondan hazırlanmış şassidə yığılmış avtomobil öndən və arxadan sərbəst iki qollu asqı ilə təchiz edilmişdir.
Komsept 402 at qüvvəsi və 516 Nm fırlanma anı olan elektrik mühərriki ilə təchiz edilir. Elektrik güc aqreqatı 53 kilovatt-saat tutumu olan litium-ion batareyalar dəstindən qidalanır. Şəhər rejimində kupenin yürüyüş məsafəsi 360 kilometr təşkil edir. Qarışıq rejimdə isə bu rəqəm 310 kilometrə bərabərdir.
DS E-Tance yerindən 100 km/saat həddinə 4,5 saniyəyə çatır və onun maksimal sürəti 250 km/saat həddində məhdudlaşdırılmışdır.
Konseptin ekseryerinin dizaynı 2014-cü ildə nümayiş etdirilmiş Citroen Divine DS prototipinin dizayn üslubunda hazırlanmışdır. Bundan əlavə, fransız dizaynerlər avtomobilin arxa hissəsinin formasını 1955-ci ilin Citroen DS modelindən ilham alaraq yaratmışdırlar.
DS E-Tence Concept 180 dərəcə dönə bilən işıq diodlu adaptiv ön fənərlərlə təchiz edilmişdir. Gələcəkdə bu texnologiyanın markanın seriya avtomobillərində tətbiq ediləcəyi şübhəsizdir. Avtomobilin Moynat, BRM Chronographes və Focal kimi premium brendlərlə birgə yaradılmış interyerinə 800 saat vaxt sərf edilmişdir. Konseptin salonunda 10-düymlük sensorlu displeyin bərkidilməsi üçün nəzərdə tutulmuş qeyri-adi quruluşu olan ön panel quraşdırılmışdır.
Fransızlar avtomobili «sükanı arxasına can atacağınız» sürətli elektrik sportkarı kimi xarakterizə etmişlər. Konseptin seriya variantının istehsalı barədə DS Automobiles tərəfindən heç bir məlumat verilməmişdir.