Isveçrə mənşəli FAB Design atelyesi daha bir uğurlu layihəyə imza atmişdir. Bu dəfə isveçrəlilər Mercedes-AMG GT S sportkarını tüninq edərək Cenevrə avtosalonunda həmyerlilərinə və qonaqlara nümayiş etdirmək fikrindədirlər. «AREION» kod ismini almış sportkar yeni aerodinamik kuzov paraçaları dəstini və 700 at qüvvəsi gücü olan mühərriki əldə etmişdir. Sportkar həqiqətən də cəlbedici görkəmə malikdir və bu günə qədər Mercedes-AMG GT modelinin gördüyümüz ən «bərkgedən» variantıdır desək yanılmarıq. Gəlin avtomobilə nəzər salaq, daha dəqiq desək avtomobilin səkillərinə…
İlk növbədə nəzərimizi geniş hava girişləri olan aqressiv görkəmli ön bamper, xüsusi formalı qabarıq yan kandarlar, təkmilləşdirilmiş arxa bamper və yeni diffuzor, səsboğucu sistemin iri boruları, dərinə əyilmiş milləri və FAB Design firmasının öz məhsulu olan Evolution III təkər diskləri cəlb edir. Bundan əlavə, baqaj bölünün qapağı üzərində bərkidilmiş iri antiqanadı da qeyd etmək olar.
Vizual dəyişiklərlə yanaşı, sportkarın güc aqreqatı da ciddi dəyişikliklərə məruz qalmışdır. Belə ki, avtomobilin 4,0-litrlik iki turboüfürməli mühərrik, FAB Design mütəxəssisləri tərəfindən yeni idman xarakterli işlənmiş qazların buraxılması sistemi, təkmilləşdirilmiş kompressorlarla, optimallaşdırılmış elektron idarəetmə bloku və yeni daxil olma sistemi ilə təchiz edilmişdir. Nəticədə güc aqreqatı 700 at qüvvəsinə və 1025 Nm fırlanma anına malik olmuşdur.
Lakin, isveçrəlilər görülmüş digər işlər və avtombilin dəyişmiş dinamik xarakteristikaları barədə məlumat verməkdən imtina etmişdirlər. Çox güman ki, ətraflı məlumat sportkarın təqdimat mərasimində açıqlanacaqdır.