Fiat şirkəti Cenevrə avtosalonuna bir müddət əvvəl təqdim etdiyi 124 Spider modelinin Abarth firması tərəfindən hazırlanmış «qaynar» variantını və ralli yarışları üçün hazərlanmış rodsteri gətirmişdir. Rodsterin «qaynar» variantı 170 at qüvvəsi gücü olan dörd silindirli 1,4-litrlik turbomühərriklə təchiz edilmişdir. Xatırladaq ki, adi rodster də eyni mühərrikin gücü 140 at qüvvəsi olan variantı ilə hərəkətə gəlir. 170 qüvvəli mühərrikin fırlanma anı 250 Nm təşkil edir. Güc aqreqatı altı pilləli sürətlər qutusu və ya sükanaltı dəstəklər vasitəsi ilə ötürmələri həyata keçirnəyə imkan verən altı diapazonlu «avtomat» ilə birgə çalışır.
Fiat 124 Spider Abarth rodsteri 100 km/saat həddinə çatmaq üçün 6,8 saniyə vaxt sərf edir. «Qaynar» rodsterin maksimal sürəti elektronika tərəfindən 240 km/saat həddində məhdudlaşdırılmışdır.
Bundan əlavə, avtomobilin təchizatına özüqapanan differensial, idman xarakterli işlənmiş qazların buraxılması sistemi, Bilstein firmasının asqısı və Brembo əyləc mexanizmləri daxildir. Bundan başqa, rodster aktiv kapotla təchiz edilmişdir ki, toqqşma zamanı barıt patronları sayəsində kiçik bucaq altında qalxaraq piyadanın alacağı zədələri azaldır.
Abarth tərəfindən hazırlanmış rodsterin satışlarına bu ilin sentyabr ayında başlanmalıdır. Avropada «qaynar» avtomobil 40 min avrodan (68 min manat) başlayan qiymətlərlə satılacaqdır.
Rodsterin ralli yarışları üçün hazırlanmış variantına gəldikdə isə, FİA R-GT sinfi üçün hazırlanmış avtomobil 300 at qüvvəli 1,8-litrlik turbomühərrik, tənzimlənən amortizatorlar və Michelin təkərləri geyindirilmiş OZ firmasının təkər diskləri ilə təchiz edilir.
Yarış avtomobilini 1972 -75 illərdə yarışan klassik Fiat 124 Rally avtomobilinin rəng çalarlarında «döyüş» boyaları ilə rəngləmişlər. Avtomobilin nə zaman yarışlara qatılacağı Fiat tərəfindən açıqlanmamışdır.