Ford Motor Company şirkəti Fiesta modelinin «qaynar» variantı olan Fiesta ST200 modelini rəsmi olaraq təqdim etmişdir. «Qaynar» yığcam hetçbekin kütləvi nümayişi sabah işinə başlayacaq beynəlxalq Cenevrə avtosalonunda baş tutacaqdır. Ford Fiesta ST200 adi Fiesta ST modeli ilə müqayisədə 10% daha güclü və 20% daha çox fırlanma anı olan mühərriklə təchiz edilir. «Qaynar» hetçbek EcoBoost ailəsindən olan 1,6-litrlik turbomühərriklə hərəkətə gəlir ki, bu güc aqreqatı da avtomobili 200 at qüvvəsi və 290 Nm fırlanma anı ilə təmin edir. Beləliklə, yeni «bərkgedən» hetçbek Ford Fiesta ST modelinə nisbətən 15 at qüvvəsi və 30 Nm daha güclüdür.
Güc aqreqatı, ötürmə nisbətləri təkmilləşdirilmiş 6-pilləli mexaniki sürətlər qutusu ilə birlikdə çalışır. Bu yenilik idarəetmənin təkmilləşdirilməsinə və sürüş prosesindən daha çox həzz almağa yönəldilmişdir. Bundan əlavə Fiesta ST200, avtomobilin sabitliyinə nəzarət edən Electronic Stability Control və fırlanma anını idarə edən Torque Vectoring Control sistemləri ilə təchiz edilir. «Qaynar» Fiesta həmçinin, xarakteristikaları dəyişdirilmiş sükan idarəetməsi və amortizatorlar da əldə etmişdir.
Rəsmi məlumatlara əsasən, Fiesta ST200 yerindən 100 km/saat həddinə kimi 6,7 saniyəyə sürətlənir. Yığcam hetçbekin maksimal sürəti 230 km/saatdır.
«Qaynar» Fiesta’nın kuzovu Storm Grey adlı xüsusi boz rəngə boyanmış və qara tutqun işləmələri olan 17-düymlük təkər diskləri ilə seçilir. Bundan əlavə, avtomobil qırmızı rəngli əyləc mexanizmlərinin supportları ilə də təchiz edilir. «Qaynar» hetçbekin salonunda Recaro firması tərəfindən istehsal edilmiş qabaq oturacaqları, nəzərə çarpan gümüşü tikişləri, kandarların işıqlanan lövhələrini və ST200 nişanlarını müşahidə edə bilərsiniz.
Ford Fiesta ST200 modelinin rəsmi satışlarına bu ilin yayında başlanacaqdır. «Qaynar» modein satış qiyməti hələlik məlum deyildir.