MTM atelyesi qeyri-ciddi görkəmli S8 Talladega R sedanı və Volkswagen T6 miniveni ilə yanaşı, sabah işinə başlayacaq Cenevrə avtosalonuna daha iki maraqlı avtomobil ilə qatılacaqdır. Bunlardan birincisi, Audi şirkətinin istehsalı olan RS3 Sportback modelidir. Tünerlər avtomobili 502 at qüvvəsi və 650 Nm fırlanma anı olan 2,5-litrlik beş silindirli turbomühərriklə təchiz etmişlər. Yeni tüninq dəstiinin tətbiqi nəticəsində «bərkgedən» hetçbek 100 km/saat sürətini 3,6 saniyəyə, 200 km/saat həddini isə 9,1 saniyəyə toplayır. «Qaynar» hetçbekin maksimal sürəti 300 km/saat təşkil edir.
Bundan əlavə RS3 Sportback modeli xrom təbəqəsi ilə örtülmüş boruları olan paslanmayan poladdan hazırlanmış səsboğucu sistem, yüksək məhsuldarlıqlı əyləc mexanizmləri və karbondan hazırlanmış kuzov elementləri ilə təchiz edilmişdir. Avtomobil eyni zamanda, Michelin Pilot Super Sport şinləri geyindirilmiş 19-düymlük Nardo Edition diskləri ilə komplektləşdirilmişdir. MTM RS3R hetçbekinin ön paneli, mərkəzi konsolu və qapı panelləri xüsusi dəri ilə örtülmüş və qırmızı saplı tikişlərlə bəzədilmişdir. Avtomobilin qiyməti 94 396 avro təşkil edir.
MTM atelyesinin hazırladığı ikinci avtomobil Volkswagen Amarok modelinin bazasında hazırlanmış və V8 Desert Edition indeksini almış pikapdır. Ağır yolsuzluq şəraitində istismar edilmək üçün nəzərdə tutulmuş avtomobil, 410 at qüvvəsi və 930 Nm fırlanma anı olan 4,2-litrlik səkkiz silindirli dizel mühərriki ilə təchiz edilmişdir.
Güc aqreqatı səkkiz diapazonlu Tiptronic avtomatik sürətlər qutusu ilə birgə çalışır. Pikap 100 km/saat həddinə altı saniyəyə sürətlənir və 240 km/saat maksimal sürətə malikdir.
Volkswagen Amarok V8 Desert Edition radiator barmaqlığının qoruyucusu, təkər tağlarının genişləndiriciləri, xüsusi kandarlar, kuzovun altını ön və arxa tərəfdən qoruyan xüsusi lövhələrlə təchiz edilmişdir. Bundan əlavə, avtomobil təhlekəsizlik karkası və Cooper yolsuzluq şinləri ilə təchiz edilmiş 20-düymlük təkər diskləri ilə komplektləşdirilir.
Pikap həmçinin, tənzimlənən amortizatorları olan təkmilləşdirilmiş asqı sistemi və 405 (öndə) və 356-millimetrlik (arxada) diskləri olan güclü əyləc mexanizmləri ilə öyünə bilər.
Avtomobilinin interyerinin tərtibatında dəri, alkantara və karbondan geniş istifadə edilmişdir. Pikapın təchizatına GPS-naviqasiyasını dəstəkləyən və TV-tünerlə təchiz edilmiş multiamedia sistemi daxildir. MTM GmbH atelyesi bu pikap üçün 200 min avro tələb edir.