Hər il Cenevrə avtomobil sərgisinin başlanmasına bir gün qalmış, Avropanın 22 ölkəsini təmsil edən 58 jurnalist «İlin avtomobili» müsabiqəsinin qalibini elan edir. Bu il bu nominasiyanın qalibi 309 xal yığmış Opel Astra modelinin yeni nəsli olmuşdur. Müsabiqənin baş mükafatını Opel şirkətinin rəhbəri Karl-Tomas Noyman şəxsən almışdır. Qalan yerlər növbəti şəkildə bölünmüşdür: ikinci yeri - 294 xalla Volvo XC90 krossoveri, üçüncü yeri - 202 xalla Mazda MX-5 rodsteri tutmuşdur. Dördüncü yeri - 189 xalla Audi A4 modeli, beşinci yeri - 163 xalla Jaguar XE modeli, altıncı yeri - 147 xalla Şkoda Superb modeli tutmuşdur. Sonuncu yeddinci yer isə BMW 7-Series sedanına qismət olmuşdur.
Keçən il müsabiqənin qalibi Volkswagen Passat modelinin səkkizinci nəsli olmuşdur. İkinci və üçüncü yer isə, muvafiq olaraq, Citroen C4 cactus və Mercedes-Benz C-Class modeilnə nəsib olmuşdur.
Opel Astra modelinin beşinci nəsli keçən ilin iyun ayında təqdim edilmişdi. Yeni model çıxış etdiyi seqmentdə ilk dəfə olaraq matrisli işıq diod fənərləri ilə təklif olunur. Yeni avtomobil sələfinə nisbətən daha yığcam və yüngüldür. Yeni Opel Astra sələfi ilə müqayisədə 50 millimetr qısa və 26 millimetr alçaqdır. Avtomobilin təkərlərarası bazası da 20 millimetr qısalmışdır. Bunula baxmayaraq, Astra’nın iç məkanının həcmi hətta artmışdır. Misal üçün, arxa sərnişinlərin ayaq hissəsindəki məsafə 35 millimetr artmışdır.
Opel Astra modelinin beşinci nəsli əvvəlki modelə nisbətən, variantından aslı olaraq, 120 - 200 kiloqram daha yüngül çəkiyə malikdir. Astra modeli ilkin olaraq 105 at qüvvəsi olan 1,0-litrlik üç silindirli mühərriklə təchiz edilir.
Bundan başqa, yeni modelin mühərrik qammasına 145 at qüvvəsi və 250 Nm fırlanma anı olan 1,4-litrlik turbomühərrik daxil edilmişdir. Qalan mühərriklər 95 - 200 at qüvvəsi diapazonunda olan 1,6-litrlik benzin və dizel güc aqreqatlarıdır.
Astra modelinin yeni nəslinin təchizatına OnStar dəstək xidməti, Apple CarPlay və Android Auto əlavələrini dəstəkləyən multimedia sistemi, yeddi qurğuya qoşulma imkanı yaradan Wi-Fi giriş nöqtəsi, 4G LTE şəbəkəsinə daxil olma imkanı, avtomatik parktronik, arxa kamera, kor zonalara və zolaqlara nəzarət və yol nişanlarını tanima sistemi, həmçinin, öndən çarpışmanın qarşısını alan sistem də daxildir.
Xatırladırıq ki, Opel Astra modelinin beşinci nəslinin kütləvi nümayişi keçən ilin payızında keçirilmiş Frankfurt avtosalonunda baş tutmuşdur.