Renault şirkəti işinə başlamış Cenevrə avtosalonunda Scenic modelinin dördüncü nəslini rəsmi olaraq təqdim etmişdir. İlk növbədə onu qeyd etmək lazımdır ki, yeni avtomobilin ölçüləri sələfinə nisbətən artmış və kompaktven tam idarə edilən şassi ilə təchiz edilmişdir. Bilindiyi kimi, Renault Scenic modelinin eksteryeri 2011-ci ildə nümayiş etdirilmiş Renault R-concept konseptinin dizayn üslubunda hazırlanmışdır. Yeni avtomobil Megane modelinin istehsal edildiyi CMF platformasında istehsal ediləcəkdir. Yeni Scenic sələfi ilə müqayisədə 40 millimetr uzun və 20 millimetr enlidir.
Beləliklə, avtomobilin qabarit uzunluğu 4383 millimetr, eni isə 1664 millimetrdir. Avtomobilin klirensidə 40 millimetr artaraq 170 millimetr təşkil etmişdir. Renault Scenic modelinin baqaj bölümünün həcmi 572 litr təşkir edir. Bundan başqa, avtomobildə 63 litr həcmində əlavə əşya bölmələri də mövcuddur. Qabaq oturacaqların arxasında qatlanan masalar quraşdırılmışdır və bundan əlavə, arxa sərnişinlərin ixtiyarına mərkəzi konsolun arxa hissəsində yerləşən iki USB-port da verilmişdir.
Renault Scenic modelinin mühərrik çeşidinə altı dizel və iki benzin güc aqreqatları daxil edilmişdir. Sonuncular 115 və 130 at qüvvəli mühərriklərlə təmsil olunurlar. 1,5 və 1,6 litr işhəcminə malik olan dizel mühərriklər 95 - 160 at qüvvəsi diapazonunda gücə malikdirlər.
Güc aqreqatları altı pilləli mexaniki və ya robotlaşdırılmış sürətlər qutusu ilə təchiz edilirlər. Bundan başqa, Scenic Hybrid Assist variantı da təklif ediləcəkdir ki, avtomobilin 110 qüvvəli dizel mühərrikinə 48 voltluq batareyalardan qidalanan elektromotor köməklik göstərəcək.
Renault Scenic Laguna modelində debüt etmiş 4Control tam idarəolunan şassi ilə də təchiz edilir. Bundan əlavə kompaktven, fərdi sürüş rejimini seçməyə yardım edən Multi-Sense sistemi ilə də komplektləşdirilə bilər. Yeni avtomobilin satışlarına bu il start veriləcəkdir.