Müflis elan edildikdən bir müddət sonra fəaliyyətini bərpa etmiş Spyker şirkəti 86-cı Cenevrə avtosalonuna yeni model ilə qatılmışdır. Holland şirkətinin Cenevrədə nümayiş etdirdiyi 525 at qüvvəli sportkarı C8 Preliator adlandırmışdır. Yeni avtomobil Spyker C8 Aileron sportkarının xələfi kimi təqdim edilmişdir. Faktiki olaraq kupe sələfindən təkmilləşdirilmiş aerodinamik kuzovla seçilir. Yeniliklərin sırasına başqa arxa diffuzor, yan kandarlar və qabaq splitter daxildir. Bundan başqa, sportkar B6 Venator prototipinin dizayn üslubunda hazırlanmış radiator barmaqlığı əldə etmişdir.
Spyker C8 Preliator sportkarı Audi şirkətinin istehsalı olan 4,2-litrlik V8 mühərrikidir ki, hollandiyalılar bu güc aqreqatını ötürücülü kompressorla təchiz etmişlər. Nəticədə, altı pilləli Getrag mexniki və ya ZF istehsalı olan səkkiz diapazonlu avtomatik sürətlər qutusu ilə təchiz edilən güc aqreqatı 525 at qüvvəsinə və 600 Nm fırlanma anına malikdir.
Sportkar yerində 100 kilometr/saat həddinə 3,7 saniyəyə çatmaq iqtidarındadır. Onun maksimal sürəti isə saatda 322 kilometrdir. Avtomobilin standart avadanlıq siyahısına AP Racing firmasının dördsilindirli mexanizmləri olan əyləc sistemi daxildir. Əlavə ödəniş etməklə karbon-saxsıdan hazırlanmış diskləri olan daha effektiv əyləc sistemini də sifariş etmək olar.
Spyker şirkəti 2014-cü ildə müflis elan edilsədə, 2015-ci ildə məhkəmə müflislik prosedurunu ləğv edərək şirkətin fəaliyyətini bərpa etmişdir. Şirkət elektrik təyyarələr istehsal edən Volta Volare şirkətinin köməkliyi ilə fəaliyyətə başlamışdır. Hər iki firmanın məqsədi elektrik mühərriki ilə hərəkətə gələn sportkarı istehsal etməkdir.