Toyota şirkəti bu günlərdə işinə başlamış Cenevrə avtomobil sərgisində C-HR krossoveri nümayiş etdurmişdir. Yeni krossover Frankfurt avtosalonunda nümayiş etdirilmiş eyni adlı konseptin dizayn üslubunda hazırlanmışdır. Bu dəfə yapon istehsalçısı, demək olar ki, konsepti cüzi dəyişikliklərlə seriya avtomobilinə çevirməyi bacarmışdır. Seriya avtomobili konseptdə də olduğu kimi nazik radiator barmaqlığı, maraqlı forması olan iri ön fənərlər və aqressiv qabaq bamperi ilə seçilir. Eyni zamanda, geniş təkər tağlarını, plastikdən hazırlanmış kuzov haşiyəsini və güclü yatıqlıqlı ön şüşəni də göstərmək olar.

Krossoverə yan tərəfdən nəzər saldıqda, avtomobilin maili dam xəttinə, kiçik arxa pəncələrə və arxa qapıların gizli dəstəklərinə malik olduğu görünür.  Toyota C-HR modelinin arxa hissəsinin dizaynı da maraqlı alınmışdır. Diqqət verərsiniz isə, dam xəttini davam etdirəm ənənəvi formalara malik olmayan arxa spoyleri və ox şəkilli arxa fənərləri müşahidə edə bilərsiniz. Avtomobilin əsas rəqibləri Nissan Juke, Mazda CX-3 və Honda HR-V modelləri olacaqdır. Toyota CH-R yapon şirkətinin TNGA platformasında istehsal olunacaqdır.

Krossover, sərtliyi 35-65 faiz arasında artmış şassi sayəsində, tərkibinə 1,8-litrlik benzin mühərriki daxil olan, 122 at qüvvəli hibrid güc aqreqatı ilə təchiz edilir. Toyota mütəxəssislərinin sözlərinə görə, yeni texnologiyaların tətbiqi  mühərrikin faydalı iş əmsalının 40 faiz artmasına və zərərli tullantıların azalmasına gətirib çıxarmışdır. Avropa bazarında Toyota CH-R modeli 1,2-litrlik 115 at qüvvəli turbomühərriklə də təklif ediləcəkdir.  Güc aqreqatı altı pilləli mexaniki sürətlər qutusu və ya təklimməşdirilmiş variatorla komplektləşdirəcəkdir.

Sonuncu halda avtomobil həm öndən, həm də tam ötürməli çəkiş sistemi ilə təchiz ediləcəkdir. Bundan əlavə, müəyyən bazarlarda avtomobil 2,0-litrlik mühərrik və CVT qutusu ilə təklif ediləcəkdir.

Əvvəllər də xəbər verdiyimiz kimi, yeni modelin istehsalı, şirkətin Verso və Corolla modellərinin də buraxıldığı Türkiyədəki zavodunda təşkil ediləcəkdir. Bu məqsədlə müəssisənin əməkdaşlarının sayı üç min nəfərdən dörd minə qədər artırılacaqdır.

Yapon şirkəti bu zavodun inkişafına 1,7 milyard avro sərmayə qoymaq fikrindədir ki, bu məbləğin də 350 milyonu CH-R modelinin istehsalına yönəldiləcəkdir. Model üçün nəzərdə tutulan güc aqreqatları Toyota şirkətinin Uelsdəki zavodunda istehsal ediləcəkdir.

Hazırda bu zavodda Auris modelinin hibrid variantı üçün aqreqatlar buraxılır. Bundan başqa, bu müəssisədə Avensis, Corolla və Verso modelləri üçün nəzərdə tutulmuş benzin mühərrikləri də istehsal olunur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt