Volkswagen şirkəti Cenevrə avtosalonunda T-Cross Breeze adlı yığcam konseptual krossoveri nümayiş etdirmişdir. Bu konsept yığılan yumşaq dam örtüyü ilə təchiz edilmişdir. Yeni avtomobil qabarit ölçülərinə görə CrossPolo modelinə yaxındır və markanın «allroad» tipli avtomobilləri haqqında təssəvvür yaratmaq missiyasını həyata keçirir. T-Cross Breeze krossoverinin qabarit uzunluğu 4133 millimetr, eni - 1798 millimetr, hündürlüyü isə 1563 millimetr təşkil edir. Krossoverin təkərlərarası bazasının uzunluğu 2565 millimetrdir.
Avtomobilin çəkisi 1250 kiloqram, baqaj bölümünün həcmi isə 300 litrdir. Konseptual krossover-kabriolet 1,0 litr iş həcmi olan üç silindirli turboüfürməli mühərriklə hərəkətə gəlir. Bu mühərrikin gücü 110 at qüvvəsi, fırlanma anı isə 175 Nm-dir. Güc aqreqatı 7 diapazonlu robotlaşdırılmış sürətlər qutusu ilə birlikdə avtomobili 100 km/saat həddinə 10,3 saniyəyə sürətləndirir. VW T-Cross Breeze konseptinin maksimal sürəti 188 km/saatdır.
Kabrioletin orta yanacaq sərfiyyatı 100 kilometrə 5,0 litr təşkil edir və zərəli tullantılarının həcmi bir kilometrə 115 qramdır. Şirkət nümayədələrinin bildirdiyinə görə, 40 litrlik yanacaq çəni ilə avtomobil 800 kilometr yol qət etmək iqtidarındadır.
Volkswagen T-Cross Breeze həmçinin markanın gələcək modellərinin interyerinin hansı üslubda dizayn ediləcyi barədə təssəvvür yaradır. Şüşəqaldıranların düymələri və sükanaltı dəstəklər istisna edilməklə demək olar ki, avtomobilin salonunda düymələrdən əsər-əlamət yoxdur. Sürət qutusunun rejimləri də daxil olmaqla, avtomobilin bütün sistemləri sensorlu ekranın və düymələrin hesabına idarə edilir.
Krossover tamamilə sürücünün ehtiyaclarına görə tənzimlənən və Apple CarPlay və Android Auto interfeyslərini dəstəkləyən multimedia sistemi, səkkiz kanallı gücləndiricisi və 300 vatt gücü olan Beats audisistemi, əlektron cihazlar paneli və xüsusi yolsuzluq rejimi ilə təchiz edilmişdir. Sonuncu sistem avtomatik olaraq qoşula bilər ki, bu zaman ekranda məkanın topoqrafik xəritəsi, təkərlərin dönmə bucağının və amortizatorların iş rejiminin qrafkası görünəcəkdir.
Alman şirkətinin rəhbəri Herbert Dissin bildirdiyinə görə, konsept prototip olaraq qalacaqdır. Lakin, gələcəkdə belə tip avtomobillərin buraxılacağı da istisna edilmir.