Volkswagen şirkəti, bu gün mətbuat nümayəndələri üçün qapılarını açmış 86-cı beynəlxalq Cenevrə avtomobil salonunda, yeni flaqman modelini Phideon sedanını dünyəvi premyerasını keçirmişdir. Dəbdəbəli avtomobil qədim Roma tanrıçası və sədaqət rəmzi olan Fides'in (Fideya) şərəfinə adlandırılmışdır. Alman istehsalçısının nümayəndələri yeni flaqmanı «idman üslubunda hazırlanmış dördqapılı kupe» kimi səciyyələndirirlər. Bundan əlavə, onlar sedanın alman şirkətinin premium avtomobilləri seqmentində çıxış edəcək gələcək modellərinin dizayn üslubunu da nümayiş etdirdiyini bildirmişlər.
Volkswagen Phideon sedanının qabarit uzunluğu 5,05 metr, eni - 1,87 metr, hündürlüyü isə 1,48 metr təşkil edir. Yeni flaqman Modular Longitudinal Matrix (MLB) platformasında yığılmışdır. Avtomobilin təkərlərarası bazasının uzunluğu üç metrədən çoxdur. Artıq məlumdur ki, Phideon modeli geniş avadanlıqlar siyahısı ilə təchiz olunacaqdır.
Bu siyahıya qapıların yumşaq bağlanması sistemi, havalandırmalı və qızdırılmalı oturacaqlar, pnevmatik asqı, ətrafı uç rəngli işıqlandırma sistemi, proeksiya displeyi, gecə görünüş sistemi, adaptiv kruiz-kontrol (ACC), Apple Carplay, Android Auto, MirrorLink funksiyalarını dəstəkləyən əyləncə məlumat sistemi və səirə daxildir.
Avtomobil 300 at qüvvəsi gücü və 440 Nm fırlanma anı olan 3,0-litrlik V6 turbomühərriki ilə təchiz ediləcəkdir. Standart olaraq yeni flaqman 4Motion tam ötürməli çəkiş sistemi ilə də təchiz edilir.
Bundan əlavə, gələcəkdə yeni flaqman ön təkərləri hərəkətə gəturəcək 2,0-litrlik turbomühərrik və hibrid güc aqreqatı ilə də komplektləşdiriləcəkdir.
Yeni flaqman modelinin Çİn bazarı üçün nəzərdə tutulduğunu nəzərə alan alman şirkəti, onun istehsalını SİAC (Shanghai Automotive Industry Corporation) konserninin Şanxaydakı müəssisində yerləşdirməyi düşünür.
Volkswagen Phideon modelinin buraxılışına bu ilin üçüncü rübündə start veriləcəkdir.