Audi şirkəti Cenevrə avtosalonuna Q8 kupeşəkilli prototipinin “qaynar” variantını gətirmişdir. Audi Q8 Sport adlandırılmış konsept iki turbokompressorlu və elektrik ötürməli kompressoru olan mühərrikin əsasında yaradılmış 476 at qüvvəli hibrid güc qurğusu ilə təchiz edilmişdir.
Güc qurğusunun tərkibinə 450 at qüvvəsi və 530 Nm fırlanma anı təklif edən 3,0-litrlik altı silindrli mühərrik, səkkiz pilləli avtomatik ötürmələr qutusu, elektromotor və baqajın döşəməsində yerləşən 0,9 kilovat-saat tutumu olan batareya daxil edilmişdir.
Elektrik ötürməli kompressor turbinaların aşağı dövrələrdəki gecikməsini kompensasiya edir. Kiçik elektromotor 250 millisaniyəyə kompressoru dəqiqədə 70 min dövrəyə qədər “qovmağa” imkan verir. Elektomotor krossoveri qısa müddət üçün əlavə 27 at qüvvəsi və 170 Nm fırlanma anı ilə təmin edir. Audi Q8 Sport yerindən 100 km/saat həddinə 4,7 saniyəyə sürətlənir və 275 km/saat maksimal sürətə malikdir.
Audi şirkətindən verilən məlumata görə, hibrid texnologiyalar analoji benzin variantı ilə müqayisədə 100 kilometrə 1 litr yanacağa qənaət etməyə imkan verir.
Bununla belə, istehsalçı yanacaq sərfiyyatı barədə dəqiq məlumat verməmişdir. Yeganə məlum olan avtomobilin 1200 kilometrlik yürüş məsafəsinə malik olmasıdır. Eyni zamanda, adi Q8 konsepti ilə müqayisədə “qaynar” variant eksteryerin stilistik elementləri, daha aqressiv kuzov dəsti və 12 millimetr artırılmış təkər izi ilə seçilir. Bundan başqa, konsept adaptiv pnevmatik asmanı, 23 düymlük təkər disklərinı, karbon-saxsı əyləc mexanizmlərini, proyeksiya displeyini və rəqəmsak cihazlar panelini əldə etmişdir. Audi Q8 krossoverinin seriya variantı 2018-ci ildə, onun “qaynar” modifikasiyası isə 2019-cu ildə işıq üzü görəcəkdir.