Çində yerləşən Techrukes şirkəti Corcetto Cucaro və onun oğlu Fabritsio tərəfindən hazırlanmış superkarın tizerini dərc etmişdir. Çinlilərin bildirdiyinə görə, bu keçən il təqdim edilmiş mikroturbogeneratorlu prototipin seriya variantıdır.
«Aerokosmik» üslubda yaradılmış modelin rəsmi təqdimat mərasimi Cenevrə avtosalonunda keçiriləcəkdir.
Çin şirkətinin mətbuat açıqlanmasında seriya modelinin təqdim ediləcəyi xüsusi olaraq qeyd edilmişdir. Bununla belə, tizerdəki avtomobil çox futuristik görkəmə malikdir və «bağlı» kuzovla olmasına baxmayaraq, tizerdəki avtomobil tavandan məhrum edilmiş kimi görünür. Mərkəzdə yerləşdirilmiş sürücü oturacağının üzərindəki məkan özünəməxsus kapsula formasını təşkil edir.
Çox güman ki, avtomobilə daxil olmaq üçün bu kapsuladan istifadə ediləcəkdir.
Techrules şirkətinin yaydığı mətbuat açıqlamasında superkarın Turbine-Recharging Elelctric Vehichle (TREV) güc qurğusunu əldə etdiyi bildirilmişdir. Xatırladaq ki, eyni güc qurğusu konsept modelində də quraşdırılmışdır. Bu enerjisini mikroturbigenerator yaradan elektrik sistemidir. Prototipdə quraşdırılmış güc qurğusu 20 kilovat-saat tutumu olan litium-ion batareyalarını qidalandırırdı ki, bu batareyalar da öz növbəsində 1044 at qüvvəsi olan altı elektromühərrikin çalışmasını təmin edirdi. Superkarın şassisi italyan L.M.Gianettifirması tərəfindən hazırlanmışdır. Techrules nümayəndələrinin bildirdiyinə görə, yeni elektromobil «məhsuldarlığın, brutal gücün və misilsiz effektivliyin unikal vəhdətidir». Açıqlamada modelin lazer fənərlərlə təchiz edildiyi, onun üslub və texnologiyalarının isə şirkətin gələcək modellərində əks olunacağı bildirilmişdir.