Ford şirkəti rəsmi olaraq yeni nəsil Fiesta hetçbekinin «qaynar» variantı olan ST modifikasiyasını təqdim etmişdir. «Qaynar» Ford Fiesta ST hetçbekinin kütləvi təqdimat mərasimi gələn ay işinə başlayacaq Cenevrə avtosalonunda keçiriləcəkdir.
Yeni nəsil Ford Fiesta ST modeli EcoBoost ailəsindən olan tamamilə yeni 1,5-litrlik üç silindrli mühərriklə təchiz edilmişdir. Bu mühərrik 200 at qüvvəsi və 290 Nm fırlanma anı təklif edir. 1,5-litrlik turbomühərrik silindrlərin söndürülməsi sistemini də əldə etmişdir ki, istehsalçının iddiasına görə, bu «dünya avtomobil sənayesində belə mühərriklər üçün təklif edilən mükəmməl yenilikdir». Rəsmi məlumata əsasən, «qaynar» hetçbek 100 km/saat sürətini 6,7 saniyəyə toplayır ki, bu da əvvəlkindən 0,2 saniyə yeyindir. İstehsalçı silindrlərin söndürülməsi sistemi sayəsində turbomühərrikin qənaətcil olduğunu bildirsə də, dəqiq rəqəmləri açıqlamamışdır. Sürücünün sərəncamında idarəetmə elektronikasının üç rejimi vardır: Normal, Sport və Track. Bu rejimlərdən hər birinin aktivləşdirilməsi mühərrikin, sükan idarəetməsinin və asmanın xarakteristikalarının dəyişməsi ilə müşayət olunur. Yeri gəlmişkən, avtomobilin asması üzərində Ford Performance bölümünün mütəxəssisləri işləmişdirlər.
Yeni nəsil Fors Fiesta ST hetçbeki 3 və 5-qapılı kuzov ilə təklif ediləcəkdir.
«Qaynar» hetçbek adi avtomobildən unikal radiator barmaqlığı, yeni bamperləri, aerodinamik qanadı və 18-düymlük eksklyuziv tərək diskləri ilə seçiləcəkdir. Modelin salonunda Recaro idman oturacaqlarını, alt hissəsi «kəsilmiş» sükan çarxını, mexaniki ötürmələr qutusunun orijinal dəstəyini və avtomobilin idman xarakterini nümayiş etdirən eksklyuziv tərtibatı görmək olar.
Fiesta ST modelinin təchizatına Android Auto və Apple CarPlay əlavələrini dəstəkləyən və 8-düymlük sünsorlu ekranı olan SYNC 3 multimedia kompleksi və müxtəlif təhlükəsizlik sistemləri daxil edilmişdir.