Italdesign dizayn studiyası eksklyuziv avtomobillər istehsal edəcək Italdesign Automobili Speciali brendinin ilk modelini nümayiş etdirmişdir. V10 adını almış ortamühərrikli superkar 610 at qüvvəli mühərrik ilə hərəkətə gəlir.
Italdesign şirkətinin nümayəndələri avtomobilin “karbon və alüminiumdan olan modul şassisində” yığıldığını bildirirlər. Superkar Lamborghini Huracan və Audi R8 plus modellərindən tanış olan 5,2-litrlik on silindirli mühərrik və quattro tam çəkiş sistemi ilə təchiz edilmişdir. Atmosfer mühərrikinin fırlanma anı 560 Nm təşkil edir. Superkar 100 km/saat həddinə 3,2 saniyəyə sürətlənir və 330 km/saat maksimal sürətə malikdir. Italdesign V10 modelinin kuzov panelləri tamamilə karbondan hazırlanmışdır.
Zahiri cəhətdən superkar çoxlu sayda aerodinamik elementlərlə seçilir. Bu elementlər bərkidilmiş arxa antiqanaddan, yan ətəklərdəki “qanadlardan”, qabaq təkərlərin önündəki hava girişlərindən və səsboğucu sistemin quraşdırılmış boruları olan iri diffuzordan ibarətdir.
Bununla belə, italyanlar superkarın salonunun fotoşəkillərini təqdim etməmişdirlər. Italdesign Automobili Speciali markası V10 superkarından cəmi beş ədəd buraxacağını bildirmişdir. Avtomobilin istehsalına Cenevrə avtosalonundan sonra başlanacaqdır. V10 modelinin qiyməti 1.5 milyon avro olacaqdır.