Maserati şirkəti Cenevrə avtosalonunda GranTurismo kupesinin xüsusi seriyasını təqdim etmişdir. Buraxılışı bu il başa çatan kupenin xüsusi variantı italyan markası üçün böyük əhəmiyyət kəsb edən 1957-ci ilə həsr edilmişdir. Həmin il italyan istehsalçısı ona uğur qazandırmış 3500 GT modelini buraxmışdır.
Eyni zamanda, Masreati 250F modelinin pilotu Xuan Manuel Fanxio Formula 1 çempionatında dünya çempionu titulunu əldə etmişdi. Xüsusi variant Sport modifikasiyalı kupenin əsasında yaradılmışdır. Zahiri cəhətdən xüsusi kupeni mərkəzi hava girişi olan karbon kapot, kuzov dəstində, qapı dəstəklərində, və güzgülərdə olan karbonplastik elementlər, həmçinin beş ikiqat qolları olan 20-düymlük təkər diskləri və «Special Edition» emblemləri sayəsində tanımaq olar.
Sifarişçilər üç kuzov rəngindən birini seçmək imkanına malikdirlər: New Rossa Italiano (qırmızı), Bianco Birdcage (ağ) və Grigio Lava (boz).
Kupenin salonu dəri və alkantara ilə üzlənmiş və dörd rəng sxemində təklif ediləcəkdir. Bundan başqa, salonda karbon işləmələri və xüsusi seriyanın loqotiplərini görmək mümkündür. Texniki cəhətdən avtomobil dəyişikliklərə uğramamışdır. Kupe 460 at qüvvəsi olan 4,7-litrlik V8 mühərriki ilə təchiz edilmişdir.
Güc aqreqatı sekvental və yaxud avtomatik ötürmələr qutusu ilə komplektləşdirilə bilər. 100 km/saat hddinə sürətlənmək üçün kupeyə transmissiyadan asılı olaraq 4,7 - 4,8 saniyə tələb olunur. Onun maksimal sürəti 298 - 300 km/saat təşkil edir. Xüsusi seriyanın tirajı 400 nüsxə ilə məhdudlaşdırılmışdır.