Mercedes-AMG şirkəti Cenevrə avtosalonunda yeni sedan konseptini nümayiş etdirəcəkdir. “Autocar” dərgisinin bildirdiyinə görə, GT4 adını alacaq konsept AMG markasının 50 illik yubileyinə həsr edilmişdir və Porsche Panamera modelinə rəqib olacaq gələcək seriya modeli haqqında təsəvvür yaratmalıdır.
Mercedes-AMG GT4 modelinin əsasını MRA modul platforması təşkil edəcəkdir. Avtomobilin konstruksiyasında alüminium və yüksək sərtlikli poladdan geniş istifadə ediləcəkdir. Yeni konseptlə birlikdə iki hava kanalı olan turbokompressorlar cütlüyü ilə təchiz edilən təkmilləşdirilmiş 4,0-litrlik V8 mühərrikinin də debütü gözlənilir. Turbokompressorlar V-şəkilli mühərrikin bloklarının birləşməsində yerləşdiriləcəkdir. Mühərrik iki variantda təklif ediləcəkdir ki, onun ən güclü variantı 600 at qüvvəsinin üzərindəki gücə malik olacaqdır.
Sonradan sedanın altı silindrli mühərrik ilə təchiz edilmiş “yavaş” modifikasiyası da təklif ediləcəkdir. Digər bir ehtimala görə, yeni sedan 48 voltluq sistemi və quraşdırılmış starter-generatoru olan ISG texnologiyasını da əldə edəcəkdir. Bu sistemin tərkibinə ötürmələr qutusunda yerləşdirilmiş 20 at qüvvəli kiçik elektromotor daxil olacaqdır ki, bu da kəskin sürətlənmə zamanı qısa müddətə avtomobilin gücünü artırmağa imkan verəcəkdir. Yeni sedanın Mercedes-AMG E63 4Matic modelində debüt etmiş drif rejimi ilə təchiz ediləcəyi də məlumdur.