Nissan şirkəti Cenevrədə yenilənmiş Qashqai modelini nümayiş etdirmişdi. Krossover eksteryerin yeni dizaynına, təkmilləşdirilmiş interyerə və yarımavtonom idarəetmə sisteminə sahib olmuşdur.
ProPilot sistemlər kompleksinə daxil olan «avtopilot» şosse ilə hərəkət zamanı idarəetməni tamamilə öz üzərinə götürə bilır. Elektronika avtomobili zolaqda saxlayır, sürətlənmə və əyləcləməyə nəzarət edir. Əlavə olaraq, yenilənmiş krossover təkmilləşdirilmiş təhlükəsizlik və sürücüyə yardım sistemləri dəstinə sahib olmuşdur. Bunlara piyadanı aşkarlama və avtomatik təcili əyləcləmə funksiyasını, ətraf trafikə və yol nişanlarına nəzarət, həmçinin dairəvi videomüşahidə sistemlərini misal göstərmək olar.
Zahiri cəhətdən yenilənmiş krossover tamamilə yeni ön hissə, yeni kapot, bamper, fənərlər və radiator barmaqlığı ilə seçilir.
Bununla bərabər, arxa hissədə fənərlər cüzi şəkildə dəyişikliyə məruz qalmış, arxa bamperdə isə metalabənzər əlavələr peyda olmuşdur. Avtomobilin salonundakı əsas dəyişikliklər üç qollu sükan çarxından ibarətdir. Bundan başqa, multimedia kompleksinin interfeysi də yenilənmişdir. Əlavə ödənişlə yeddi dinamikli Bose səs sistemini də sifariş etmək mümkündür. Nissan nümayəndələri avtomobilin asma sisteminin və sükan idarəetməsinin yenidən tənzimlənməsi haqqında daməlumat vermişdirlər. Eyni zamanda, səs izolyasiyasının səviyyəsi də yaxşılaşdırılmışdır. Avtomobilin mühərrik çeşidi dəyişilməz qalmışdır.
Yenilənmiş Nissan Qashqai modelinin satışlarına nə zaman start veriləcəyi məlum deyildir.