Porsche şirkəti Cenevrəyə 911 GT3 trek kupesinin yeni nəslini gətirmişdir. Müştərilərin çoxsaylı xahişlərini nəzərə alan alman istehsalçısı kupeni yenidən mexaniki ötürmələr qutusu ilə təchiz edəcəkdir. Xatırladaq ki, bundan öncə, mexaniki qutu qısa ötürmələri olan iki muftalı yeddi pilləli “robotla” əvəzlənmişdi.
Trek sportkarı yeni 4,0-litrlik altı silindrli oppozit mühərriki ilə təhciz edilir. Yeni mühərrik əvvəlki 3,8-litrlik mühərriki əvəz etmişdir. Atmosfer mühərriki 500 at qüvvəsinə və 458 Nm fırlanma anına malikdir. “Robot”la təchiz edilmiş sportkar 100 km/saat həddinə 3.4 saniyəyə, mexaniki qutu ilə olan variant isə 3.9 saniyəyə sürətlənir. Birinci halda maksimal sürət 318 km/saat, ikinci halda isə 320 km/saat təşkil edir.
Yeni sportkar 1430 kiloqram çəkiyə malikdir ki, bu da 1 at qüvvəsinə 2,86 kiloqram düşdüyünü göstərir. Porsche 911 GT3 tam idarələnən şassini qoruyub-saxlamaqla yanaşı, yeni diffuzoru olan yenidən işlənmiş aerodinamik kuzov dəstini əldə etmişdir. Sportkarın salonunda 360 millimetr diametri olan sükan çarxını müşahidə etmək olar. Əvvəllər belə sükan 918 Spyder superhibridində quraşdırılırdı.