Amerikalı milyoner Ceyms Qlikenhausa məxsus olan Scuderia Cameron Glickenhaus (SCG) şirkəti Cenevrədə SCG 003 yarış kupesinin ümumi yollar üçün nəzərdə tutulmuş 003S modifikasiyasını təqdim etmişdir.
Amerikan şirkəti bu avtomobillə Nürburqrinqin sürət rekordunu yeniləmək niyyətindədir. İstehsalçı superkarın «Şimal ilgəyini» 6 dəqiqə 30 saniyəyə qət edəcəyinə ümid edir ki, bu da Lamborghini Huracan Performante modeli tərəfindən qeydə alınmış rekord göstəricisindən 22 saniyə yeyindir.
SCG003S superkarı 800 at qüvvəsinə və 850 Nm fırlanma anına malik olan 4,4-litrlik iki turbokompressorlu V8 mühərriki ilə təchiz edilmişdir. Mühərrik yeddi pilləli sekvental ötürmələr qutusu ilə birgə çalışır. 100 km/saat həddinə superkar üç saniyədən az bir müddətə sürətlənir. Onun maksimal sürəti 349 km/saata bərabərdir.
Avtomobilin əsasını karbondan hazırlanmış monokok təşkil edir. SCG 003S modelinin kuzov panelləri karbonplastikdən hazırlanmışdır. Modelin çəkisi 1360 kiloqramdır. 250 km/saat sürətində avtomobilin aerodinamikası 703 kiloqrama bərabər yerəbasma gücü təmin edir. Avtomobilin istehsalına başlanacağı tarix və dəyəri məlum deyildir. SCG 003S modelinin buraxılışı ilə İtaliyanın Manifattura Automobili Torino şirkəti məşğul olacaqdır.