Cenevrə avtosalonunda yeninəsil Subaru XV krossoveri debüt etmişdir. Yeni krossover Subaru şirkətinin SGP (Subaru Global Platform) modul platformasında yığılmışdır. Xatırladaq ki, yeni platforma sonuncu İmpreza modeli ilə birlikdə debüt etmişdi.
Yeni platforma onun üzərində yığılmış avtomobillərin kuzovunun sərtliyini 70-100 faiz arasında artırmağa imkan verir. Şassi eyni zamanda kuzova inteqrasiya edilmiş stabilizatorun istifadəsini nəzərdə tutur ki, bu da yana əyilmələri 50 faiz azaltmağa şərait yaradır. Əvvəlki kimi Subaru XV modeli tam ötürməli çəkiş sistemi ilə təchiz edilir. Bundan əlavə, krossover idarəetmə elektronikasının X-Mode rejimi ilə də təchiz edilmişdir. Xv krossoverinin klirensi 220 millimetr təşkil edir. Bununla belə, avtomobilin ağırlıq mərkəzi beş millimetr alçaldılmışdır.
Subaru XV modeli yenilənmiş 2,0-litrlik oppozit mühərriki ilə təklif ediləcəkdir. Yeni aqreqatın gücü 154 at qüvvəsi, firlanma anı isə 196 Nm təşkil edir. Qeyd etmək lazımdır ki, mühərrikin detallarının 80 faizi yenilənmişdir. Bu detallar sayəsində mühərrik güclü, yüngül və qənaətcil olmuşdur. Güc aqreqatı xəyali 7 pilləsi olan variatorla birgə çalışır. Yeni nəsil Subaru XV krossoveri yenidən tənzimlənmiş sükan mexanizmini, səkkiz düymlü sensorlu ekranı olan mutlimedia sistemini, EyeSight təhlükəsizlik sistemləri kompleksini əldə etmişdir.