Volkswagen şirkəti kupeşəkilli kuzova malik olan Arteon modelini təqdim etmişdir. Səkkizinci nəsil Passat modelinin bazasında yaradılmış avtomobil CC modelini əvəz edəcəkdir. Yeni sedanın kütləvi təqdimat mərasimi bu gün işinə başlayan Cenevrə avtosalonunda keçiriləcəkdir.
Volkswagen Arteon modelinin qabarit uzunluğu 4862 millimetr, eni - 1871 millimetr, hündürlüyü isə 1427 millimetr təşkil edir. Onun təkər bazasının uzunluğu 2841 millimetrə bərabərdir. Beləliklə, Volkswagen Arteon Passat modelindən 95 millimetr uzun, 39 millimetr enli və 29 millimetr alçaqdır. Yeni modelin təkər bazası da 50 millimetr böyükdür. Arteon modelinin baqaj bölümünün həcmi 563 litr təşkil edir. İkinci cərgənin qatlanması halında bu rəqəm 1557 litrə qədər artırıla bilər. Volkswagen Arteon modelinin dizaynı tamamilə 2015-ci ildə göstərilimiş Sport Coupe Concept GTE modelini təkrar edir. Seriya avtomobili yalnız aerodinamik dəsti, dəyişdirilmiş işıq texnikası və ənənəvi qapı dəstəklərinin mövcudluğu ilə seçilir. Avtomobilin salonunun dizaynı demək olar ki, Passat modelinin salonuna bənzərdir. Yeganə fərq multimedia sisteminin displeyindədir.
Volkswagen Arteon R-Line
Arteon modeli standart olaraq kruiz-kontrol, ön oturacaqların altı istiqamətdə elektriklə tənzimlənməsi, dəri sükan və səkkiz dinamikli audiosistemlə təchiz ediləcəkdir. «Orta» təchizatlı modeldə isə dəri və alkantara ilə üzlənmiş qızdırılan oturacaqlar, seçilən tikişlər və metalabənzər pedal örtükləri quraşdırılacaqdır. Əlavə ödənişlə proyeksiya displeyini, rəqəmsal cihazlar panelini, multimedia kompleksinin 9,2-düymlük displeyini və jestlərlə idarəetmə funksiyasını sifariş etmək mümkündür. R-Line modififasiyasında isə, hər şeydən əlavə, idman sükan çarxı və başqa stilistik xüsusiyyətlər olacaqdır.
Yeni model həmçinin, müasir təhlükəsizlik və sürücüyə yardım sistemlərinin kompleksini əldə etmişdir. Onların arasında adaptiv kruiz-kontrol və sürücünün nəzarəti itirməsi halında avtomobili yolun kənarında dayandıran Emergency Assist sistemi də mövcuddur. Arteon modelinin mühərrik çeşidinə üç benzin və üç dizel güc aqreqatı daxil edilmişdir. Benzin aqreqatları 148 at qüvvəli 1,5-litrlik və 188 yaxud 276 at qüvvəli 2,0-litrlik turbomühərriklər təmsil edilirlər. Dizel aqreqatlarını isə, 148,188 və 236 at qüvvəli mühərriklərdən ibarətdirlər. Transmissiya - altı pilləli mexaniki və ya yeddi diapazonlu DSG robotlaşdırılmış ötürmə qutularıdır. Volkswagen Arteon modelinin istehsalı alman konserninin Emdendəki zavodunda təşkil ediləcəkdir.