Audi şirkəti bu gün işinə başlamış 88-ci Cenevrə avtosalonunda e-tron adlı konseptual krossoveri nümayiş etdirib.Elektrik ötürməsi ilə hərəkətə gələn prototip e-tron loqotipləri olan kamuflyaj örtüyü ilə üzlənib.
Audi şirkəti ilk elektrik krossoverinin carçısı olan prototipin xarakteristikalarını açıqlamayıb. İstehsalçı yalnız krossoverin tam çəkiş sistemi ilə təchiz edildiyini bildirib. Bundan başqa, xüsusi elektrik stansiyasında 30 dəqiqə ərzində yüklənəcək enerjinin “davamlı səfər” üçün kifayət edəcəyi qeyd edilib. Audi e-tron modelinin istehsalına 2018-ci ilin sonunda başlanacaqdır. Elektromobilin buraxılışı alman markasının Belçikadakı müəssisəsində təşkil ediləcəkdir.