Lexus şirkəti ən yığcam ölçülü krossoveri olan UX modelini Cenevrədə nümayiş etdirib. Yapon premium avtomobillər istehsalçısı krossoverin 30 yaşlı şəhər sakinlərinə ünvanlandığını bildirib.
Lexus UX krossoverinin qabarit uzunluğu 4495 millimetr, eni – 1840 millimetr, hündürlüyü – 1520 millimetr, təkər bazasının genişliyi isə 2640 millimetrdır. Lexus NX modelinə nisbətən yeni krossover 145 millimetr qısa, 5 millimetr ensiz və 125 millimetr alçaqdır.
UX modelinin təkər bazası da 20 millimetr qısadır. Ux modeli onunla birlikdə debüt edən GA-C modul platformasında inşa edilib. Avtomobil öndə McPherson , arxada isə ikili qolları olan asqı ilə təchiz edilib. Krossoverin qanadları, qapıları və kapotu alüminiumdan, baqaj qapağı isə kompozit materialdan hazırlanıb.
Yeni krossover iki modifikasiyada təklif ediləcəkdir – 200 və 250h. Lexus UX 200 171 at qüvvəsi hasil edən mühərrik və yeni növ transmissiya ilə təchiz edilir. Bu birinci pillədə variator ilə birləşdirilmiş mexaniki qutudur. Mühərrik 13:1 sıxılma əmsalına və 40 faizlik termik faydalı iş əmsalına malikdir.
Hibrid krossover 2,0-litrlik benzin mühərriki, variator, nikel-metalhidrid batareyaları və arxa oxda quraşdırılan elektromotorla təchiz edilir. Hibrid qurğunun ümumi gücü 178 at qüvvəsidir. Yeni model üçün tərkibinə başqa radiatior barmaqlığı, təkmilləşdirilmiş asqı, 18-düymlük disklər və idman oturacaqları daxil olan F Sport dəsti də nəzərdə tutulub.
Krossover üçün adaptiv asqı və ASC (Active Sound Control) sistemi daxildir. Sonuncu ötürmələrin edilməsinin səsini təqlid edir. Lexus UX krossoverinin istehsalına payızda başlanacaqdır. Avtomobilin Avropadakı satışlarına 2019-cu ilin martında start veriləcəkdir. Krossover BMW X1 və Mercedes-Benz GLA ilə rəqabət aparacaqdır.