Mercedes-AMG şirkəti rəsmi olaraq GT 4-Door Coupe adını almış yeni sportkarını təqdim edib. Cenevrə avtosalonunda kütləvi nümayişi keçirilən avtomobi Porsche Panamera modeli ilə rəqabət aparacaqdır.
Yeni modelin mühərrik çeşidinə iki benzin V8 mühərriki və hibrid güc qurğusu daxil edilibdir. Hibrid qurğunun tərkibinə 435 at qüvvəsi və 520 Nm fırlanma anı hasil edən 3,0litrlik V6 turbomühərriki, doqquz pilləli “avtomat” və bu aqreqatların arasında yerləşdirilmiş elektromotor daxildir. Sonuncu 22 at qüvvəsinə və 250 Nm fırlanma anına malikdir.
Hər iki səkkiz silindrli mühərrik tvin-skroll turbina və silindrlərin söndürülməsi sistemi ilə təchiz edilib. Mühərriklərdən birincisi 585 at qüvvəsi və 800 Nm fırlanma anı, ikincisi isə 639 at qüvvəsi və 900 Nm fırlanma anı hasil edir. Hər iki güc aqreqatı 9-pilləli avtomatik ötürmələr qutusu ilə tandemdə çalışır. 585 at qüvvəli Mercedes-AMG GT 4-Door Coupe 100 km/saat sürətini 3,4 saniyəyə toplayır. Onun maksimal sürəti isə 310 km/saatdır. Ən güclü modifikasiya 100 km/saat həddini 3,2 saniyəyə toplayır və 315 km/saat maksimal sürətə malikdir.
GT 4-Door Coupe modelinin bütün modifikasiyaları son nəsil Mercedes-AMG E63 4Matic+ modelində debüt etmiş tam çəkiş sistemi ilə təchiz olunurlar. Fırlanma anının ön oxa ötürülməsinə elektronika ilə idarə edilən çoxdiskli mufta cavabdehdir. Drift rejimində ön oxa ötürülən fırlanma anını məcburi qaydada söndürmək də olar. Bu zaman stabilizasiya sistemi tamamən söndürüləcəkdir.
V6 mühərriki ilə təchiz edilən Mercedes-AMG GT 4-Door Coupe modeli aktiv smortizatorları olan yaylı asqı ilə təchiz edilir. Top variantlar isə çoxkameralı pnevmatik asqı ilə komplektləşdirilir. Avtomobil həmçinin ön və arxa köndələn dayanıqlılıq stabilizatorları ilə təklif edilir. V8 mühərriki ilə təchiz edilən liftbeklərin baza təchizatına tam idarələn şassi daxil edilib. V6 mühərrikinə malik olan dördqapılı model üçün bu şassi opsiya kimi təklif edilir. Mercedes-AMG GT 4-Door Coupe modelinin top variantı standart olaraq elektron arxa differensialın qapanması ilə təklif ediləcəkdir. Qalan modifikasiyalar üçün differensialı əlavə ödənişlə sifariş etmək olar.
Yeni modelin konstruksiyasında karbonla gücləndirilmiş plastikdən istifadə edilir. Dördqapılı GT modeli üçün arxa antiqanadın əl ilə tənzimləməsini təklif edən aerodinamik dəst ilə də təklif olunur. İstehsalçı bu elementin arxa oxun yerəbasma gücünü artırdığını bildirib. Bundan başqa, GT 4-Door Coupe modeli aktiv aerodinamik elementlər ilə də təchiz edilir.
Mercedes-AMG GT 4-Door Coupe modelinin əlçatan avadanlıq siyahısına karbon-saxsı əyləclər, rəqəmsal cihazlar paneli, idarəetmə elektronikasının iş rejimlərini dəyişən və telemetriyanı yadda saxlayan sistem, sensorlu panellər və quraşdırılmış ekranları olan yeni sükan çarxı və qismən avtonom idarəetmə sistemi daxil edilibdir. Modeli dörd və ya beş yerlik konfiqurasiyada sifariş etmək olar.
Onun baqaj bölümünün həcmi 395 litrdir. Əlavə 60 litr yalançı döşəmənin altında yerləşdirilib. İkinci cərgənin qatlanması halinda baqaj bölümünün həcmi 1324 litrə qədər arta bilər. Baqaj bölümünün qapısı ayaq hərəkəti ilə onu açmağa imkan verən elektrik ötürməsi ilə təchiz edilibdir.
Yeni modelin satışları bu ilin yayında başlanacaqdır.