Bentley şirkəti bu gün qapılarını media nümayəndələrinin üzünə açmış Cenevrə avtosalonunda Continental GT kupesinin xüsusi Number 9 variantını təqdim edib. 100 nüsxəlik tirajla buraxılacaq kupe Mulliner atelyesi tərəfindən hazırlanıb.
Yeni xüsusi versiyanın adı ser Henri Ralf Stenli “Tim” Birkinə və onun turbokompressorlu Bentley Bowler №9 avtomobilinə ithaf edilib. 1930-cu ildə “Le Manın 24 saatı” yarışlarında iştirak etmiş avtomobil175 at qüvvəsinə və yaşıl rəngə malikdir. Bu avtomobil müharibədən öncəki yarış “Bentliləri” arasında əfsanə sayılır.
Xüsusi seriyadan olan Bentley Continental GT Number 9 eyni yaşıl rəngə boyanmış, radiator barmaqlığında “9” rəqəminə malikdir. Avtomobil kuzovun karbon elementlərinə və 21-düymlük təkər disklərinə sahib olub.
Kupenin salon tərtibatında cilalanmış amüminium və dəridən istifadə olunur. Mərkəzi konsolda Birkinin avtomobilinin siferblatınının motivləri üzrə hazırlanmış Jaeger markasından olan saat yerləşdirilib.
Bundan başqa, xüsusi seriyadan olan hər bir avtomobil əfsanəvi avtomobilin bir hissəsini əldə edəcəkdir. Bu, bərpa zamanı dəyişdirilmiş oturacaqdan götürülmüş ağac elementdir. Bu ağacın bir hissəsi, Continental GT modelinin fırlanan cihazlar panelinin ortasına yerləşdiriləcəkdir.
Xüsusi kuperlərin deflektorlarının dəstəkləri 18 karatlıq qızıl ilə örtüləcək, kandarlarda isə “1 of 100” yazısı həkk ediləcəkdir. Kupe texniki cəhətdən dəyişilməz qalıb.