Mazda şirkəti Cenevrə avtosalonunda CX-3 və CX-5 modelləri arasında yer alacaq CX-30 adlı krossoveri təqdim edib. Mazda CX-30 yapon markasının qlobal modeli olacaqdır.
Yeni krossover Mazda3 modeli ilə eyni platformanı paylaşır. Mazda CX-30 modelinin qabarit uzunluğu 4395 millimetr, eni - 1795 millimetr, hündürlüyü isə 1540 millimetrdir. Krossoverin təkər bazasının uzunluğu 2655 millimetrdir. Beləliklə, krossover CX-3 modelindən 120 millimetr uzun, CX-5 modelindən isə 155 millimetr qısadır. Təkər bazasının uzunluğuna görə, Mazda CX-30 krossoveri CX-5 modelinə 45 millimetr uduzur. Yeni krossoverin klirensi 175 millimetrdir.
Yapon istehsalçısı avtomobilin yığcam ölçülərinə baxmayaraq, geniş iç məkan təklif etdiyini iddia edir. Bununla belə, salonun ölçüləri dəqiqləşdirilməyib. Mazda şirkəti CX-30 modelinin baqaj həcminin 430 litr olduğunu bildirib.
Avropada krossover 2,0-litrlik atmosfer mühərriki, 1,5 və 2,5-litrlik aqreqatlarla, 1,8-litrlik dizel və yeni Skyactiv-X mühərriki ilə təklif ediləcəkdir. Benzin mühərrikləri elektomotor və 24 voltluq litium-ion batareyaları da daxil olan «yumşaq» hibridlərin tərkibində çalışırlar. Model həm öndən, həm də i-Activ AWD tam çəkiş sistemi ilə təklif ediləcəkdir. Transmissiya altı pilləli mexaniki və avtomatik qutulardır. Yeni krossoverin satışlarına 2020-ci ildə başlanacaqdır.