Bu gün Volvo şirkəti XC60 krossoverinin ikinci nəslini Cenevrədə təqdim etmişdir. Yeni krossover SPA modul platformasında yığılmış və 407 at qüvvəli hibrid güc qurğusu ilə təchiz edilmişdir. Hibrid krossover 100 km/saat sürətinə 5,3 saniyəyə sürətlənir.
Volvo XC60 modelinin qabarit uzunluğu 4690 millimetr, eni – 1902 millimetr, hündürlüyü isə 1658 millimetrdir. Krossoverin təkər bazası 2865 millimetrə bərabərdir. Yeni avtomobil sələfindən 46 millimetr uzun, 11 millimetr enli və 55 millimetr alçaqdır. Yeni krossoverin təkər bazası sələfində olduğundan 91 millimetr uzundur. Yeni nəsil Volvo XC60 modelinin mühərrik çeşidinə dörd ədəd dörd silindrli turbomühərrik daxil edilmişdir.
Dizel mühərrikləri 190 (D4) və 235 (D5) at qüvvəli variantlarla təmsil edilmişdirlər. Benzin mühərrikləri isə, 254 (T5) və 320 (T6) at qüvvəli variantlarda təklif edilirlər. Satışa çıxarılan andan Volvo XC60 krossoveri tam çəkiş sistemi və səkkiz pilləli avtomatik ötürmələr qutusu ilə təchiz ediləcəkdir. Sonradan daha zəif mühərriklər, öndən çəkişli və mexaniki ötürmələr qutusu ilə təchiz edilmiş variantlar da istehsal ediləcəkdir.
Volvo şirkəti ikinci nəsil XC60 krossoverinin dünyanın ən təhlükəsiz avtomobillərindən biri adlandırmışdır. Krossoverin avadanlıq siyahısına öndən toqquşmaların qarşısını alan sistem, zolaqlara nəzarət və hərəkət cərgəsininqorunması sistemi, 130 km/saat sürətinə qədər sükan, akselerator və əyləclərin idarəetməsini həyata keçirən adaptiv kruiz-kontrol sistemi daxildir. Bundan başqa, krossoverin təchiztına dörd zonalı klimat-kontrol, Apple CarPlay və Android Auto əlavələrini dəstəkləyən Sensis multimedia sistemi daxil edilmişdir. Avtomobilin İsveçdəki satışlarına apreldə başlanılmalıdır.