Skoda şirkətinin Cenevrədə nümayiş etdirəcəyi yeni krossoverin adı məlum olub – Kamiq. Əslində bu ad Skoda üçün yeni deyildir – bu addan bir ildir ki Çində istifadə edilir. Yeni modelin Kosmiq adlandırılacağı barədə şayiələr isə təsdiqini tapmayıb. Hərçəndi, çex istehsalçısı bu adı da ptenləşdirməyə vaxt tapıb.
Asiyada satılan Skoda Kamiq 4390 millimetr uzunluğu olan və Rapid modelinin bazasında hazırlanmış sadə krossoverdir. O qədər də gözəgəlimli xarici görünüşə malik olmayan model alternativsiz olaraq 1,5-litrlik MPI mühərriki və sadə təchizat səviyyəsi ilə seçilir. Lakin, çexlər Kamiq adının avtomobilin formatına çox uyğun gəldiyini bildirərək, onu avropa modelində də istifadə etmək qərarını qəbul ediblər.
Hər zaman olduğu kimi, Skoda şirkətinin marketoloqları yeni adın linqvistik açıqlamasını da səsləndiriblər. Sən demə, Kamiq Kanada və Qrelandiyanın şimal hissəsində inuitlərin dilindən götürülüb. Bu söz öz sahibinə çox uyğun gələn əşya mənasını daşıyır və ikinci dəri kimi hiss edilir. Eyni zamanda, çex markasının krossoverlərinə verilən adın qaydaları da təmin edilib – ad “K” hərfi ilə başlayaraq, “Q” hərfi ilə bitir.
Bununla belə, yeni krossover çinli adaşı ilə minimum ümumi cəhətlərə sahib olacaqdır. 4250 millimetr uzunluğu olacağı ehtimal edilən krossover keçən ilki Vision X konseptinin seriya variantı olmalıdır. Yeni modelin əsasını MQB platforması təşkil edəcəkdir.