Yol Təhlükəsizliyinin Sığortası İnstitutu (IIHS) tam ölçülü Ford Expedition, Chevrolet Tahoe və Jeep Wagoneer ofroudelərini krəş-testlərdən keçirib. Nəticələr məyusedici olub: məşhur ofrouderlər bir sıra parametrlərə görə aşağı xal alıblar. Əsas problem qismən örtmə ilə öndən zərbə testində yaşanıb: çərçivəli modellərin kuzovları ciddi şəkildə deformasiyaya uğrayıblar, manekenlər isə, zədə alıblar.
IIHS metodologiyası bir qədər yenilənib: qismən örtmə ilə testlər indi dolu salonla aparılır - yəni təkcə öndə deyil, arxada da manekenlər var. Belə yanaşma avtomobil nəhəngləri üçün gözlənilməz olub: həm Ford, həm Chevrolet, həm də Jeep avtomobilləri sınaqlardan keçə bilməyiblər, çünki sinə bölgəsindəki yüklənmələr icazə veriləndən çox olub. Üstəlik, Tahoe modelində baş və boyun xəsarətləri riski var.
Chevrolet Tahoe modeli ön fənərlərə görə də tənqidə məruz qalıb: onlar digər sürücülərin gözlərini qamaşdırır və yol kənarını zəif işıqlandırırlar. Gecə vaxtı keçirilən piyada təhlükəsizliyi testində ofrouder maneəni aşkar edə bilməyib və hətta əyləci belə işə salmayıb. Bununla belə, böyük ofrouderlər yandan zərbələrdə yaxşı nəticə qeydə alıblar: əsas yükü çərçivə öz üzərinə götürür, sürücü və sərnişinlər yüngül xəsarətlərlə ötüşə bilərlər.
IIHS təşkilatının vitse-prezidenti Raul Arbelaes bəzi məşhur avtomobillərin qabaqcıl təhlükəsizlik standartları uğrunda yarışında geri qaldıqlarını bildirib. Bununla belə, funksioner avtomobil istehsalçılarının bu problemləri asanlıqla aradan qaldıracaqlarından şübhə etmədiyini də söyləyib. Lakin yerdəyişmə ilə öndən zərbə zamanı çərçivəli ofrouderlərin kuzovunun deformasiyası ilə bağlı nə isə etmək çətin ki, mümkün olsun - fizika qanunlarını aldatmaq mümkün deyil.
@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.