Lüks avtomobilləri istehsalçısı olan Bentley və yüksək səviyyəli səs sistemləri ilə məşhur olan Monster şirkəti, CES 2016 sərgisinə «Monster by Mulliner» adlı layihə ilə qatılmışlar. Bu layihə üçün tərəflər, əsas olaraq Continental GT V8 S kupesini seçmişdirlər. Avtomobil texniki cəhətdən dəyişikliyə məruz qalmamışdır. Kupe 521 at qüvvəli 4,0 litrlik ikiqat turbokompressorlu V8 mühərriki ilə təchiz edilir. Mühərrikin malik olduğu 680 Nm firlanma anı səkkiz pilləli avtomat sürətlər qutusu vasitəsi ilə tam çəkiş sisteminə ötürülür.
Monster by Mulliner’in kuzovu qara Onyx rənginə boyanmış və qımızı Hotspur xəttləri ilə bəzədilmişdir. Bundan əlavə, avtomobil mühərrik bölümünün havalandırmalı kapotu, unikal aerodinamik kuzov dəsti və ikirəngli yüngül lehimli diskləri ilə seçilir.
Avtomobilin iç məkanında da bu unikallıq idavam etdirilmişdir. İnteryerin hazırlanmasında Beluga və Hotspur dərilərindən istifadə edilmiş və lazer vasitəsi ilə ön paneldə Monster şirkətinin üç ölçülü loqosu həkk edilmişdir.
Digər bir maraqlı məqam, üzərinə «Always Lead, Never Follow» («Hər zaman lider ol, heç vaxt təqib etmə») şüarı yazılmış, qapı kandarlarına vurulan lövhəciklərdir. Bununla yanaşı, oturacaqların başlıqlarında və 24 karatlıq qızıldan hazırlanmış qulaqlıqların yerləşdiyi bölümün üzərində «Monster by Mulliner» sözlərinə rast gəlmək olar.
Monster şikətinin audiosistemlər sahəsində püxtələşdiyini nəzərə alaraq, avtomobilin yüksək kefiyyətli fərdi səs sistemi ilə təchiz edilməsini sürpriz kimi qəbul etməməliyik. Avtomobildə quraşdırılmış 3400 vattlıq səs sistemi, Monster şirkətinin təsisçisi Noel Lee tərəfindən tənzimlənmiş 16 ədəd xüsusi dinamiklərindən ibarətdir.