Las-Veqasda yenicə işə başlamış CES 2016 istehlak elektronikası sərgisində Volkswagen şirkəti 21-ci əsrin Microbus’u adlanan Budd-e konseptini nümayiş etdirmişdir. Avtomobil, LED işıq texnologiyası əsasında hazırlanmış ön fənərləri və işıqlandırılan iri radiator barmaqlığı ilə seçilir. Konsept həmçinin D-şəkilli arxa sütunları, unikal arxa fənərləri və 21 düymlük diskləri ilə də yadda qalacaqdır. Digər nəzərə çarpanlar isə, avtomobilin damında quraşdırılmış günəş batareyaları, yan güzgüləri əvəz edən rəqəmsal arxa görüntü kameraları və «Drop box» bölümü quraşdırılmış hərəkət edən arxa bamperdir.
Avtomobilin uzunluğu 4597 millimetr, eni - 1938 millimetr, hündürlüyü isə 1834 millimetrdir. Budd-e konseptinin təkərlərarası bazasının uzunluğu 3152 millimetrdir. Beləliklə, avtomobil ölçülərinə görə alman şirkətinin model çərgəsinə Touran və Multivan T6 modellari arasında yerləşir.
Volkswagen Budd-e konseptinin salonunda sürücü özünü, fərdi qaydada konfiqurasiya edilə bilən üç iri displeyin əhatəsində hiss edəcəkdir. Avtomobilin salonunda siz, panoram görünüşü təmin edən arxa divan, həmçinin toxunuşa və təzyiqə reaksiya verən «düyməsiz» multifunksional sükanı görəcəksiniz.
Praktiki olaraq avtomobilin bütün funksiyaları, o cemlədən qapıları da toxunuşla və ya əl jestləri ilə idarə edilə bilər. Bununla bərabər, konsept təkmilləşdirilmiş səslə idarəetmə sisteminə malikdir ki, bu sistemi aktiv etmək üçün «Hello Budd-e» söyləmək kifayətdir.
Sistem bir çox şeyləri aydın dərk edə bilir və hətta «temperaturu bir balaca artır» kimi qeyri-rəsmi komandalara da cavab verir. Bundan əlavə o, komandanın kimin - sürücünün yoxsa sərnişinin, - tərəfindən verildiyini də anlayaraq, lazım olan məkanda temperaturu tənzimləyə bilir.
Konsept, Volkswagen’nin şəbəkədən qidalanan hibrid və elektrik avtomobilləri üçün hazırladığı tam yeni Modular Electric Platform (MEB) platformasında yığılmışdır.
Alman şirkətindən bildirilənlərə görə, bu platforma batareyaların və elektrik ötürücülərinin komponentlərinin effektiv yerləşdirilməsini təmin edir ki, bu da avtomobilin iç məkanının genişliyinə zəmanət verir. Avtomobil, hər bir oxda yerləşdirilmiş və 101 kVt-lıq batareyadan qidalanan elektrik motorlarının sayəsində hərəkət edir. Batareyaların 80 faizinin doldurulması ümün 30 dəqiqə vaxt kifayətdir.
Mühərriklərin gücü 135 və 170 at qüvvəsi təşkil edir, avtomobilin maksimal sürətinin 150 km/saat olduğu və bir dəfəyə 600 kilometr məsafə qət etdiyi bildirilir.
Avtomobilə 0-96 km/saat həddini keçməyə 6,9 saniyə bəs edir.