Hyundai şirkəti Las-Veqasda keçirilmiş məişət elektronikasının sərgisində (CES) sağlamlığa yönəldilmiş xüsusi konsepti təqdim etmişdir. “Health+Mobility” adlandırılmış konsepsiya sürücü və sərnişinlərin səhhətini izləyərək, avtomobili idarəetmə zamanı tez-tez yaranan gərginlik və digər mənfi halları aradan qaldırmağa yardım edir.
Salonda quraşdırılmış “Mood Bursts” adlanan sistem vericilər vasitəsi ilə sürücünün diqqətinin zəiflədiyini aşkar etmək imkanına malikdir.
Həqiqətən də, sürücünün diqqətinin zəifləməsi halında “Alert Burst” funksiyası işə düşərək onu xəbərdar edir. Əgər sistem sürücüdə yüksək səviyyəli gərginlik aşkar edərsə, bu zaman “Calm Burst” funksiyası dövrəyə girərək onun dincəlməsini təmin edir. Misal üçün, sürücünün fokusu itirdiyi aşkarlanarsa, sistem avtomatik olaraq oturacağı şaquli vəziyyətə gətirir.Bundan başqa, sistem interyerin işıqlandırmasını “isti” və “soyuq” arasında dəyişərək salonda yüksək əhval-ruhiyyəni və gümrahlığı təmin edə bilər.
Bundan başqa, yeni konsepsiya salonda olan havanın təravətini də tənzimləmək iqtidarındadır.
Belə ki, yasəmən və ya kedr qoxusu sürücünü sakitləşdirməyə, eyni zamanda kedr və nanə qoxusu isə sərnişinləri ruhlandırmağa xidmət edə bilər. Digər bir funksiya isə, salonda olan səsin və temperaturun tənzimlənməsinə cavabdeh olacaqdır. Eyni zamanda, sürücü bir düyməyə basmaqla, lazım olan anda öz fikirlərini qeydə almaq imkanına malikdir.
Hyundai şirkətinin nümayəndələri konseptin seriyaya gedəcəyi barədə məlumat verməsələr də, bu konsepsiyada əksini tapmış bəzi texnologiyaların seriya modellərində tətbiq ediləcəyini bildirmişdirlər. Odur ki, yaxın illərdə Auto-Azərbaycan şirkətinin şourumunda salonu yasəmən qoxan Hyudai avtomobillərinə rast gəlsəniz təəccüblənməyin.