Las-Veqasda keçirilmiş məişət elektronikası sərgisində (CES) Toyota şirkəti rəsmi olaraq Concept-i konseptual avtomobilini təqdim etmişdir. Futuristik dizayna malik olan avtomobil sürücü və sərnişinlərlə ünsiyyət quran süni intellektlə təchiz edilmişdir.
Toyota Concept-i prototipinin dizaynı üzərində Kaliforniyada yerləşən Toyota CALTY Design Research mərkəzinin mütəxəssisləri çalışmışdırlar.
Avtomobilin elektron “içalatının” hazırlanması isə San-Fransiskoda yerləşən Toyota İnnovation Hub bölməsinin mütəxəssislərinə həvalə edilmişdir.
Yapon şirkəti avtomobilin güc aqreqatı barədə məlumat verilməsə də, prototipin “insanların tələbatlarını qarşılamaq və onların xəyallarını ruhlandırmaq”, həmçinin “onların həyatını yaxşılaşdırmaq” üçün yaradıldığını bildirmişdirlər.
Qeyd etdiyimiz kimi, Toyota Concept-i prototipi süni intellekt ilə təchiz edilmişdir.
Avtomobilin salonunda adət etdiyimiz ənənəvi cihazlar paneli və mərkəzi konsolda olan displeylərdən əsər-əlamət yoxdur – bütün məlumat konseptin alın şüşəsinə proyeksiya edilir. “Yui” adlanan süni intellekt sistemi avtomatik olaraq işıqlandırmanı dəyişə, yoldakı vəziyyətdən asılı olaraq siqnallar verə, hətta kritik hallarda sürücünü xəbərdar etmək üçün ona “toxuna” da bilər.
Bununla belə, yapon mütəxəssisləri bu “toxunuşun” necə həyata keçirildiyi barədə heç bir məlumat verməmişdirlər.
Bundan başqa, Toyota Concept-i digər avtomobillər və öz sahibi ilə xüsusi kuzov panelləri ilə “danışmaq” imkanına malikdir.
Avtomobil həmçinin avtonom idarəetmə sistemi ilə də təchiz edilmişdir. Bu sistem aktivləşən zaman, avtomobilin ön hissəsində müvafiq yazı əks etdirilir.
Yapon mütəxəssislər Toyota Concept-i prototipində həllini tapmış bir sıra texnologiyaların gələcəkdə seriya avtomobillərində tətbiq ediləcəyini bildirmişdirlər.