Las-Veqasda keçirilən CES 2023 istehlak elektronikası sərgisində Ram 1500 Revolution BEV Concept pikapının təqdimatı keçirilib. Konseptual pikap amerikan brendinin inkişafı istiqamətini nümayiş etdirmək üçün nəzərdə tutulmuşdur. Konseptin seriya versiyasının debütü 2024-cü ilə planlaşdırılıb, gələcək pikapın necə olacağını isə, amerikan markasının cari firma dizaynını yeni korporativ üslubu ilə birləşdirən futuristik prototip nümayiş etdirir. Yeni pikap müasir Ram pikaplarının xarakterik formalarını və elektromobillərin tanınan elementi olacaq qum saatı üslubunda dizayn elementlərini özündə cəmləşdirib.
Model tam LED optikanı alıb, firma nişanları ilə loqolar isə işıq saçan elementlər formatında hazırlanıb. Pikap altlığın güclü müdafiəsi və kuzovda gizlədilə bilən yedəkləmə qarmaqları ilə təchiz edilib. Özüdüzələn “qapaqları” olan 24-düymlük təkər disklərinə 35-düymlük yolsuzluq şinləri taxılıb. Salona girişi taybatay açılan qapılar təmin edir, giriş-çıxış rahatlığı üçün isə, mərkəzi sütundan imtina olunub.
Kabin qapıları, irəli çıxan tutacaqlar, pilləkənlər və yük bölmələrinin qapıları elektrik ötürməsi ilə təchiz edilmişdir. Pikap "frankaya" da malikdir: bu, kuzovun ön hissəsində yerləşən, elektrik cihazlarını birləşdirmək üçün çıxışları olan baqaj bölməsi və əsas açıq yük bölməsinin tutumunu artırmaq üçün açılan bortdan istifadə etməyə imkan verən RamBox sistemidir. Pipakın kuzov panelləri uzun yükləri daşımağa imkan verir.
Elektrik güc qurğusuna keçid salonun həcmini artırmağa imkan verib - o, ənənəvi daxiliyanma mühərrikləri olan pikaplarda olduğundan 10 santimetr böyükdür. İnteryerin maraqlı cəhətlərindən biri salonu transformasiya etməyə, müxtəlif aksessuarların döşəmədə və oturacaqlarda quraşdırılmasına imkan verən RamTrack montaj sistemidir. Kabinin arxa divarına isə, üçüncü sıranın çıxarıla və avtomobildən kənarda istifadə edilə bilən oturacaqları bərkidilib.
Elektromobil üçüncü səviyyəli avtopilot sistemi, iki elektrik mühərriki tərəfindən təmin edilən tam ötürmə və tam idarəolunan şassi ilə təchiz edilib. Batareya 805 kilometrə qədər məsafə qət etməyə və gücü 350 kilovat olan terminallara qoşulmağa imkan verir. Pnevmatik asqı yol örtünün vəziyyətindən və növündən asılı olaraq üç iş rejimini təmin edir. Ram seriya elektrik pikapının batareyanın doldurulması üçün generator rolunu oynayacaq daxiliyanma mühərrikini alacağını da istisna etməyib.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.