Üç il əvvəl məhz CES sərgisində Sony ilk dəfə öz brendi altında buraxılacaq elektrik sedanın ilk prototipini nümayiş etdirmişdi. Hətta, keçən qışda Sony krossoverinin prototipi də təqdim olunmuşdu. Bu günlərdə keçirilən CES 2023 sərgisinə isə yaponlar üçüncü eksperimental elektromobili gətiriblər – özü də, ayrıca Afeela brendi altında.
Afeela, keçən ilin yazında yaradılan Sony Honda Mobility birgə müəssisəsi tərəfindən təsis edilmiş yeni brenddir. Sony haqlı olaraq avtomobil istehsalı ilə təkbaşına məşğul olmaqdan imtina edib və bunun üçün bu sahədə böyük təcrübəsi olan tərəfdaşı - Honda korporasiyasını seçib.
Tərəfdaşlar yeni birgə müəssisədə bərabər paya malikdirlər: Honda avtomobillərin işlənib hazırlanması, istehsalı ilə məşğul olacaq, onlara satışdan sonra xidmət göstərəcək, Sony isə bort elektronikası və mobillik xidmətlərinin yaradılmasına cavabdeh olacaqdır.
Əgər Sony ilk iki prototipi Avstriyanın Magna Steyr şirkəti ilə birgə layihələndirilib inşa etmişdisə, bu işləmələrdən tamamilə imtina olunub. Afeela brendi altında təqdim olunan liftbək (hələlik adsız) Honda mühəndisliyinin məhsuludur. Hətta avtomobilin dizaynı da fərqlidir, şassi isə ikiqollu ön və çoxqollu arxa asqıya malikdir.
Liftbəkin uzunluğu 4895 millimetr, eni - 1900 millimetr, hündürlüyü isə 1460 millimetrdir. Afeela 3000 millimetrlik təkər bazasına və 21-düymlük təkər disklərinə malikdir. Təəssüflər olsun ki, texniki detallardan indiyə qədər yalnız tam ötürmə sisteminin olacağı açıqlanıb, yəni avtomobildə iki elektrik mühərriki olacaqdır.
Üçüncü səviyyəli avtopilot da elan edilib: bunun üçün avtomobildə 45 sensor və kameralardan ibarət olan arsenal (damdakı lidar da daxil olmaqla), həmçinin məhsuldarlığı 800 stə (saniyədə trilyon əməliyyat) olan Qualcomm prosessorları quraşdırılıb.
Ön paneldə salonun onun eni boyu uzanan dörd ekran var. Onlardan ikisi yan arxa görüntü güzgülərini əvəz edir. Salon güzgüsünü də displey əvəzləyib. Arxa sərnişinlərin ixtiyarına daha iki “televizor” verilib.
Media sistemi 5G bağlantısına və havadan yenilənmə funksiyasına malikdir. Sony Honda Mobility birgə müəsissəsi qrafik proqramların və onlayn xidmətlərin hazırlanması üçün Epic Games şirkəti ilə əməkdaşlığa başlayıb.
Bununla belə, elektromobilin təkmilləşdirilməsi və sınaqdan keçirilməsi üçün uzun müddət tələb olunur. İlk Afeela modelinə sifarişlərin qəbuluna 2025-ci ilin birinci yarısında başlanacaqdır. Onun Şimali Amerikadakı müştərilərə çatdırılmalarına 2026-cı ilin yazında başlamaq planlaşdırılır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.