Bu günlərdə Motor1 saytı Audi Q8 krossoverinin interyerinin cəsus şəkilini dərc edib. Təsvirdən də göründüyü kimi, yeni krossoverin interyeri Audi A8 bayraqdar sedanın dizayn üslubunda hazırlanmışdır.
Burada, avtomobilin əksər funksiyalarını idarə etməyə imkan verən iki iri sensorlu displeyi müşahidə etmək olar. Artıq məlumdur ki, iri krossover, Audi şirkətinin bu ilin yanvarında Detroytda nümayiş etdirdiyi eyni adlı prototipə bənzəyəcəkdir. Xatırladaq ki, prototip 333 at qüvvəli 3,0-litrlik V6 turbomühərrikinin əsasında yaradılmış hibrid güc qurğusu ilə təchiz edilmişdi. Hibrid qurğu krossoverə 1000 kilometr qət etməyə imkan verir. Texniki cəhətdən seriya modeli Audi Q7 krossoveri ilə eyni olacaqdır. Bununla belə, Audi Q8 daha dəbdəbəli və baha olacaqdır. Qiyməti 100 min avronu keçən avtomobilin RS modifikasiyası da təklif ediləcəkdir.
Avtomobilin gələn il keçiriləcək Detroyt avtosalonunda debüt edəcəyi gözlənilir. Onun istehsalı Slovakiyadakı zavodda təşkil ediləcəkdir.